Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.

31 mart 2021 | 16:00


Tarixən torpaqlarımıza göz dikən, xain, mənfur, terrorçu  ermənilərin  qanunsuz əməllərinin nəticəsi olaraq  dəfələrlə qətlyamlar, qırğınlar, soyqırımlar yaşamışıq. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi  torpaqlarımızın  zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.  Torpaqlarımıza qanunsuz və məqsədli şəkildə köçürülən ermənilər  “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədilə hər cür fitnə- fəsada əl atmış, günahsız insanların qətlyamını törətmişdilər.
Hər vəchlə tarixi saxtalaşdırmağa çalışan  erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirild. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. 1918-ci ilin mart hadisələri zamanı minlərlə  günahsız azərbaycanlının  kütləvi qətlyamı törədildi. Məsələnin ən dəhşətli tərəfi bu idi ki, yaşadığımız faciələrə düzgün siyasi qiymət verilmir, həqiqətlər təhrif olunur, xalqımıza qarşı törədilmiş soyqırımlar tarixin açılmamaış səhifələrinə çevrilir və ört- basdır edilirdi.
Xalqımızın yaşadığı bütün faciələr kimi, 1918-ci ilin mart hadisəsi də öz düzgün hüquqi- siyasi  qiymətini Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra aldı. Belə ki, 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası prezidenti H.Əliyevin "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərmanı bu hadisəyə verilmiş ən düzgün hüquqi-siyasi qiymət oldu.
Faciələrlə dolu olan tariximizə artıq  şanlı Zəfər yazıldı. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz bizlərə əsrlərlə həsrətində olduğumuz Qələbə sevincini yaşatdı. Bu Qələbə, bu Zəfər Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsidir. Faciələrimizi unutmadığımız kimi, Zəfərimizə sevinmək də hər birimizin mənəvi haqqımızdır.
Allahdan günahsız faciə qurbanlarına və bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər