Füzuli rayonunun işğalından 27 il ötür
Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. 1993-cü il avqustun 23-də Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. Rayonun işğalı nəticəsində təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə və tarix mədəniyyət abidələrinə dəyən zərərin məbləği 22 256 953 624 manatdan artıq olmuşdur.
Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Ərazisi 1386 km², əhalisi isə təxminən 135 min nəfərdir.
Rayonda hazırda 46 inzibati ərazi dairəsi olmaqla 2 şəhər, 17 qəsəbə, 81 kənd vardır. Ən iri yaşayış məntəqələri Fuzuli şəhəri, Horadiz şəhəri, Böyük Bəhmənli, Horadiz və Qacar kəndləridir.
Füzuli rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Füzuli şəhərindən 17 km qərbdə yerləşən məşhur Azıx mağarası və Tağlar mağarası dünyanın ən qədim insan məskəni kimi YUNESKO-nun maddi-mədəni irs siyahısına salınıb. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri vardır. (Babı, Arğalı türbələri). Aşağı Veysəlli kəndində Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr erməni işğaqlçıları tərəfindən yandırılmış dağıdılmış və məhv edilmişdir.
Sovetlər zamanı Füzuli rayonunun əhalisi pambıqçılıqda, taxılçılıqla, heyvandarlıqla, ipəkçiliklə, bostan-tərəvəz məhsulları ilə məşğul olmuşdur. Rayonda iqtisadiyyatın inkişafı 60-cı illərin sonu, 70-ci və 80-ci illərin əvvəllərinə təsadüf edir. Rayon ən güclü inkişafa, əhalinin həyat səviyyəsinin yüksəlişinə 70-ci və 80-ci illərdə Ulu öndər Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə nail olmuşdur.
Ümumiyyətlə pambıqçılıq, taxılçılıq və ipəkçilik sahəsində qazandığı nailiyyətə görə rayonunun 28 nəfər əməkçisinə müxtəlif dövrlərdə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
1994-cü ilin yanvarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına düşmüşdür.
İşğaldan azad olunmuş ərazilərdə hazırda 1 şəhər, 17 qəsəbə və 21 kənd vardır. Hazırda 60 kənd və rayon mərkəzi erməni silahlı dəstələrinin işğalı altındadır. Hazırda işğaldan azad edilmiş ərazilərdə 70 min nəfərə qədər məcburi köçkün yaşayır.
Prezident cənab İlham Əliyev Füzuliyə müxtəlif vaxtlarda olmaqla 6 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamlar imzalayıb. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yandırılmış və dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri bərpa olunmuş, 2007-ci ildə Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir.
Sevindirici haldır ki,rayonda infrastruktur layihələrin icrası bu gün də davam etdirilir. Belə ki,hazırda Mərkəzi Rayon Xəstəxanasının, Bayraq Muzeyinin, Aqroparkın, Baramaqurutma Məntəqəsinin, Arayatlı,Mahmudlu-2 və Əhmədbəyli kəndlərində körpələr-evi uşaq bağçalarının inzibati binalarında son tamamlama işləri aparılır. Bala Bəhmənli kənd tam orta məktəbində Heydər Əliyev Fondu tərəfindən aparılan əsaslı təmir artıq yekunlaşıb. Bütün bu sadalananlar dövlətimizin füzulilərə olan diqqət və qayğısının nəticəsidir. Füzulili məcburi köçkünlərə göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.
Biz Füzulililər əminik ki, Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəkdir. Yurd həsrətli insanlarımız öz doğma yurdlarına dönəcəklər. Cəngi haraylı “Horadiz halayı” xoş müjdəli Qələbə Halayına çevriləcəkdir.