Şriftin ölçüsü :

Saytın rəngi :

02 iyul- Azərbaycan Polisi günü münasibəti ilə “Dövlətçiliyin və ictimai təhlükəsizliyin keşiyində“ adlı konfrans keçirildi!

02 iyul 2026 | 14:18
Füzuli rayonunda 02 iyul- Azərbaycan Polisi günü münasibəti ilə
“Dövlətçiliyin və ictimai təhlükəsizliyin keşiyində“ adlı konfrans keçirilib.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Füzuli rayon Polis şöbəsinin əməkdaşları, veteran polislər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dahi liderin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Azərbaycan polisi” adlı videoçarx izlənilib.
Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Zaur Abbasov geniş məruzə ilə çıxış edib.
Daha sonra Rayon Polis Şöbəsinin polis baş leytenantı Allahverdi Allahverdiyev, Rayon Polis Veteranlar Şurasının sədri Nazim Ağayev, Qarabağ Qaziləri ictimai birliyinin Füzuli rayon filialının sədri Nəriman Əliyev və Vətən müharibəsi qəhrəmanı şəhid Zalov Fəqanın atası Amil Zalov çıxış edərək 2 iyul- Azərbaycan Polisi Günü münasibəti ilə polisləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilməsindən, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlərin görülməsindən, dövlət başçısının diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının davamlı inkişafda olmasından bəhs edib. Alı Alıyev peşə bayramları münasibəti ilə polisləri ürəkdən təbrik edib və onlara çətin, şərəfli işlərində uğurlar arzulayıb.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar təqdim olunub.
Keçidlər