TARİX VƏ MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı: Şeyx Babı Yaqub türbəsi
Abidənin tarixi: XIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 213
Abidənin ünvanı: Füzuli rayonu Babı kəndi
Şeyx Babı Yaqub Türbəsi

Füzuli rayonunda ölkə əhəmiyyətli tarixi memarlıq abidələrimizdən biri də Şeyx Babı Yaqub türbəsidir. Şeyx Babı Yaqubun dəfn olunduğu bu türbə 1273–1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə ağ daşdan hörülüb və üstü səkkizgüşəli çatma günbəzlə örtülüb. Xalq arasında “Şıxbaba türbəsi” adı ilə tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqda yerləşir.
Məqbərədəki kitabəni ilk dəfə oxuyan rus alimi Nikolay Xanikov (1822-1878) deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271–1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin Zahid, Kamil Şeyx Babı Yaqub ibn Ismayıl Qur Xər üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273–1274-cü illər) əmr verilib. Məzarın sinə daşı üzərindəki yazılar tərcümə edilib. Orada yazılıb ki, “Bu müqəddəs türbə Zahid, Kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilib”. Məzarın sinə daşında Şeyx Babı Yaqubun İsmayıl Qur Xər oğlu kimi göstərilməsi onun İsmaililər hərəkatı ilə bağlı olmasını bildirir.
Türbə yerüstü və yeraltı hissədən ibarətdir. Türbə yaxınlığındakı məscidin iki minarəsi olmuşdur. Onlardan biri rus-iran müharibəsi zamanı dağıdılmışdır. Minarənin içərisi dar keçidli yarımdairəvi pilləkənlə hörülmüşdür. 2011-2013-cü illər Şeyx Babı Yaqub türbəsi və onun ətrafında bərpa və konservasiya işləri aparılmışdır. Abidənin bərpası zamanı abidənin yerləşdiyi əraziyə yeni maşın yolu çəkilmiş, abidədə möhkəmləndirilmə işləri aparılmış, yerə üzlük daşlar döşənmişdir. 2011-ci ildə abidə ətrafında aparılmış arxeoloji qazıntılar zamanı burada ictimai binalar sərdabə aşkara çıxarılmışdır. Bu isə türbə və onu ətraf aləmi haqqında geniş təsəvvür yaratmağa imkan vermişdir. Sərdabədə 6 daş qutu qəbir aşkar edilmişdir. Xüsusi kərpic və daşlarla hörülmüş kaşı ilə bəzədilmiş belə qəbirlərə Azərbaycanda rast gəlinməmişdir. Həmin qəbirlərdən insan sümükləri və ox ucluqları tapılmışdır. Belə təxmin etmək olar ki, bu qəbirlərdə dəfn edilənlər Şex Babı Yaqubun yaxınları, müridləri və ya silahdaşlarıdır. Abidə bərpa olunandan sonra 2013-cü ildən ziyarətə açıqdır. Şeyx Babı Yaqub türbəsi Memar Əcəmi Naxçıvani məktəbi üslubunda inşa edilmişdir.
Abidənin adı: Türbə
Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 212
Abidənin ünvanı: Füzuli rayonu Əhmədalılar kəndi
Əhmədalılar türbəsi

Əhmədalılar türbəsi XVIII əsrə aid olub Füzuli rayonunun Əhmədalılar kəndində yerləşir. Türbənin planı səkkizbucaqlı olduğundan onun həm gövdəsi, həm də günbəzi eyni sayda səkkiz tillərə malikdir. Arğalı türbəsinin günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarığıqlı məhlulla doldurulub. Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz ikinci qapı qoyulub. Hər iki qapıların partal çərçivələri həndəsi naxışlarla bəzədilib. Türbə üzərində heç bir kitabəyə rast gəlinmir. Elə bu səbəbdən də türbə el arasında “Arğalı türbəsi” adını almışdır. Babı türbəsi ilə aparılmış müqayisəli elmi təhlil onu göstərir ki, Əhmədalılar türbəsini tikməzdən əvvəl Babı türbəsinin çertyoj cizgiləri və divar daşlarının ülgüləri çəkilmiş, sonra həmin çertyoj üzərinə kiçik əlavələr və dəyişikliklər etməklə Əhmədalılar türbəsi inşa olunmuşdur. Əhmədalılar türbəsi də Şeyx Babı Yaqub türbəsi kimi Memar Əcəmi Naxçıvani məktəbi üslubunda inşa edilmişdir.
Abidənin adı: Mirəli türbəsi
Abidənin tarixi: XIV əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 215
Abidənin ünvanı: Füzuli rayonu Aşağı Veysəlli kəndi
Mirəli türbəsi

Füzuli rayonu ərazisində dörd ölkə əhəmiyyətli tarixi memarlıq abidələrindən biri XIV əsrə aid Mirəli türbəsidir. Türbə Aşağı Veysəlli kəndi yaxınlığında yerləşir. Mirəli türbəsi hündürlüyü səbəbindən çox uzaq məsafədən görünür. Onun hündürlüyü 17,17 m-ə çatır. Türbə qülləvari formada ağ əhəng daşından tikilmişdir. Mirəli türbəsi də Şeyx Babi və Əhmədalılar türbəsi kimi yeraltı sərdabə və yerüstü gövdədən ibarətdir.
Füzuli rayonunun Aşağı Veysəlii kəndində bir təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mirəli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir. Sərdabə qatı planda xaçvari forma olub daxili pilləkənlə üst kameraya birləşir. Sərdabənin mərkəzi kvadrat hissəsi ortasında baca olan sferik günbəzlə, çıxıntıları isə sivri tağbəndlə örtülüdür. Üst kameraya şimaldan bir qapı, cənubdan isə kiçik bir pəncərə gözu açılır. Qapı gözü yer səviyyəsindən 2 metrə yaxın yüksəklikdə yerləşir. Qapı ilə üzbəüz, pəncərə gözü altında kiçik sivri mehrab taxçası yerləşir. Həm sərdabə, həm də üst kamera bütünlüklə yonulmuş iri daş lövhələrdən hörülmüşdür. Sərdabənin hər yerində daş işləri daha keyfiyyətli icra edilmişdir.
Təpə üzərində ucalan Mirəli türbəsinin çox incə həcm kompozisiyası var. Türbənin təpə üzərində yüksələn dinamik kompozisiyası sadə həcmlərin məntiqi düzülüşünə görə çox təsirli görünür. Üzərində kitabə və ornament olmasa da, inşaat texnikası və həcm məkan quruluşuna görə onun XIV əsrin əvvələrində tikildiyi şübhə doğurmur.
Abidənin adı: Karvansara
Abidənin tarixi: XVII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 214
Abidənin ünvanı: Füzuli rayonu Qarğabazar kəndi
Qarğabazar karvansarayı

Karvansara 1681-ci ildə Füzuli şəhərindən 8 kilometr cənubda yerləşən Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin yamacında inşa olunmuşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.
XVII əsrdə əsas kütləsi yonulmamış daşdan tikilmiş karvansara planda bir küncü kəsilmiş uzunsov düzbucaqlı formadadır. Onun uzun tərəflərini başdan-başa tağbəndlə örtülü iki iri yerləşmə tutur. Görünür, bu uzun yerləşmələr karvan heyvanları üçün nəzərdə tutulub. Ensiz cənub tərəfdə iriölçülü baştağ və ona yanlardan bitişik iki otaq giriş qrupunu təşkil edir. Karvansaranın əsas yaşayış otaqları girişlə üzbəüz, uzun heyətin ensiz şimal tərəfindədir. Bu otaqların əhəmiyyəti onların relyefin hündür yerində tikilməsində də özünü göstərir. Funksiyalarına və relyefə uyğun olaraq həmin otaqların önündə iki hündür səki düzəldilmişdir. Otaqların qapılarının açıldığı üst səki üçtağlı monumental eyvan kimi həll edilmişdir. Bu hissədə tağlar və tağ sütunları, eləcə də qonaq otaqları yonulmuş daşdan tikilmişdir. Bütün otaqlar və yerləşmələr bayırdan içəriyə doğru genişlənən kiçik pəncərələrlə işıqlandırılır. Qarğabazar karvansarası Azərbaycan mülki memarlığının yolüstü karvansara tipinin çox dəyərli bir örnəyidir.
Abidənin adı: Qarabulaq kurqan çölü
Abidənin tarixi: Tunc dövrü
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 964
Abidənin ünvanı: Füzuli şəhərindən şimal-şərqdə
Qarabulaq kurqan çölü
Qarabulaq kurqan çölü Füzuli şəhərindən 1-1,5 km şimal-şərqdə, Köndələnçayın sağ sahilində orta və son tunc və erkən dəmir dövrünə aid kurqanlardır. Qarabulaq kurqanlarından iyirmisi günümüzə qədər çatmışdır. Onlardan beşini 1896-cı ildə rus arxeoloqu A.A.İvanovski tədqiq etmişdir. Kurqanların ikisində ölüyandırma ənənəsinin izlərinə təsadüf olunmuşdur. Digər iki kurqanda daş qutu qəbirlər aşkar edilmiş, eləcə də tunc bəzək əşyaları, silahlar və gil qablar tapılmışdır. Qəbilə başçısına aid edilən V kurqan daha zəngindir. Belə ki, uzunluğu 10 metr, eni və dərinliyi 2 metr olan bu kurqanda qəbilə başçısının skeletindən başqa daha iki skelet, tunc, qızıl və sümükdən bəzək əşyaları, tunc və daş silahlar, gil qablar və dəvə skeleti aşkar olunmuşdur.
1965-ci ildə Qarabulaq kurqanlarının yerləşdiyi ərazidə orta tunc dövrünə aid qəbirlər müəyyən edilmişdir.
Abidənin adı: Günəştəpə yaşayış yeri
Abidənin tarixi: e.ə I və II minilliklər
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 965
Abidənin ünvanı: Füzuli rayonu Köndələnçayın sağ sahilində
Günəştəpə yaşayış yeri

Günəştəpə yaşayış yeri Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ sahilində yerləşir. Abidənin İlk Tunc dövrünə aid mədəni təbəqəsinin qalınlığı 2 metrdir. Bu təbəqədə qaya parçaları və çay daşlarından tikilmiş, gil məhlulu ilə bərkidilmiş dairəvi formalı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Binanın diametri 7 metrdir. Divarların ətrafında xeyli suvaq və çiy kərpic parçalarının qeydə alınması divarların daş təməl üzərində çiy kərpicdən tikildiyini göstərir.
Qazıntılar zamanı daş və sümükdən hazırlanmış əmək alətləri, Kür-Araz mədəniyyəti üçün xarakterik olan qara cilalı gil qab parçaları əldə edilmişdir. Arxeoloji qazıntılar Günəştəpə yaşayış yerinin İlk Tunc dövrünün yalnız müəyyən mərhələsində mövcud olduğunu göstərir.
Abidənin adı: Qaraköpəktəpə yaşayış yeri
Abidənin tarixi: e.ə IV əsr-e I əsr və Orta əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 966
Abidənin ünvanı: Füzuli rayonu Köndələnçayın sağ sahilində
Qaraköpəktəpə yaşayış yeri

Qaraköpəktəpə və ya Taxtı-Tavus Azərbaycanın Füzuli rayonu ərazisində, Köndələnçayın sağ sahilində yerləşən arxeoloji abidə-yaşayış yeridir. Bu məkan konusvari təpə formasındadır. Onun üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq orta əsrlərə qədər uzun bir mərhələni əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq tədqiqat aparılmışdır.
Qazıntılar zamanı İlk Tunc dövrünə aid 7 m qalınlığında mədəni təbəqənin olduğu müəyyənləşdirilmişdir. Ən qədim məmulatlar Eneolit dövrünə (e.ə.IV-II minilliklər) aid edilir (saman qatışıqlı gil qablar). Tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrünə gedib çıxır. Qaraköpəktəpənin üst qatlarında Son Tunc, Erkən Dəmir və Antik dövrlərə aid mədəniyyət nümunələri əldə edilib. Azərbaycanda Antik dövrün yaşayış yeri ilk dəfə Qaraköpəktəpədə aşkar olunub.Orta Tunc dövrünün mədəni təbəqəsinin qalınlığı 2,5 m-ə çatır. Bu yaşayış yeri müdafiə divarı ilə əhatə olunmuşdur. Yaşayış yerinin sakinləri oturaq həyat tərzi keçirir, əkinçilik və maldarlıqla məşğul olur, ətrafın otlaq sahələrindən istifadə edirdilər. Yaşayış yerində dulusçuluq, toxuculuq və başqa sənət sahələri inkişaf etmişdi.İlk Tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formalı iki bina qalığı tapılmışdır. Bu təbəqədə ocaq qurğularının qalıqları, gil qab parçaları, daş və sümük alətlər vardı. Gil qabların bir qismi yapma və spiralvari qazma ornamentlə naxışlanmışdır. Ornamentlərin bir qrupu dairəvi düyməciklər və batıqlardan ibarətdir. Belə naxışlar I Kültəpə, II Kültəpə, Göytəpə və digər abidələrdən bəllidir.
İkinci qazıntı sahəsində böyük çay daşlarından, həmçinin yonulmamış əhəngdaşı parçalarından tikilərək, gil məhlulu ilə bərkidilmiş divar qalıqları ortaya çıxarılmış və onların dördkünc formalı yaşayış binasına aid olduğu müəyyənləşdirilmişdir.
Qaraköpəktəpənin üst qatlarında, birinci qazıntı sahəsində böyük, çoxotaqlı evin qalıqları aşkar edilmişdir. Bütün otaqlar dördkünc formalı olub, bir-birindən qalın divarla ayrılmışdır.
Abidənin adı: Zərgərtəpə yaşayış yeri
Abidənin tarixi: Tunc dövrü
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 967
Abidənin ünvanı: Füzuli rayonu Zərgər kəndi
Zərgərtəpə yaşayış yeri
Zərgərtəpə. Füzuli şəhərinin mərkəzindən 3 km şimal-qərbdə, dağətəyi ərazidə, Köndələnçayın sağ sahilində yerləşir. O, son Tunc dövrünə aid 1 hektar sahəsi olan yaşayış yeridir. Zərgərtəpə abidəsi 1965-ci ildə qeydə alınıb. Zərgərtəpə tapıntıları bunu deməyə əsas verir ki, bu ərazilər orta və ondan qabaqlar insanların yaşayış məskənləri olmuşdur . Quruçay və Köndələnçay vadisində Tunc dövrünün sonu və Dəmir dövrünün əvvəllərinə aid böyük yaşayış yerlərindən biri Zərgərtəpədir. Yastı təpədən ibarət olan bu yaşayış yeri Füzuli şəhərindən 2 km-ə qədər şimal-qərbdə, Köndələnçayın sağ sahilində yerləşir.Su mənbəyinin yaxınlığı, əlverişli torpaq-iqlim şəraiti tunc dövrünün bütün mərhələlərində əkinçi-maldar icmaların oturaq məskənləri üçün əsas və zəruri şərtlərdən olmuşdur. 1972-1977-ci illərdə arxeoloji qazıntılar zamanı Zərgərtəpədən qədim əkinçi tayfalarına məxsus çoxlu maddi mədəniyyət nümunəsi (saxsı qablar, əmək alətləri və s.) aşkar edilib. Əmək alətlərinə yastı çay daşından hazırlanmış toxalar (600-ə qədər), oraq dişləri, dən daşları və s. daxildir.
Abidənin adı: Şəkərcik yaşayış yeri
Abidənin tarixi: Tunc dövrü
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 968
Abidənin ünvanı: Füzuli rayonu Şəkərcik kəndi
Şəkərcik yaşayış yeri
Şəkərcik yaşayış yeri Azərbaycanın Füzuli rayonu ərazisində Şəkərcik kəndində yerləşir.Şəkərcik ərazisində tədqiqatlar zamanı söbut olunmuşdur ki, burada e.ə. I minilliyin əvvəllərində Son Tunc dövrünə aid yaşayış yerləri olub. Arxeoloji axtarış və kəşfiyyat qazıntısı zamanı bu ərazidən küpə, cam, çölmək, qazan, xeyrə və s. gil qab qırıqlarının nümunələri aşkar olunmuşdur ki, bunlar da əldə və dulus çarxında hazırlanmışdır. Buradan dəvəgözü (obsidian) qəlpələri, dəndaşı, daş toxalar da aşkar edilmişdir. Qabların bəzisinin səthi səliqə ilə cilalanmış, hamarlanmış, kəsmə naxışla bəzədilmişdir. Tədqiqatlar bunu deməyə əsas verir ki, qədim dövrlərdə bu ərazilər oturaq əkinçi-maldar tayfalarına məxsus olmuşdur.
Abidənin adı: Kültəpə yaşayış yeri
Abidənin tarixi: İlk Tunc dövrü
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 969
Abidənin ünvanı: Füzuli rayonu Əhmədbəyli kəndinin yaxınlığı
Kültəpə yaşayış yeri

Kültəpə yaşayış yeri – Füzuli şəhərinin mərkəzindən 36 km şərqdə, Əhmədbəyli kəndi yaxınlığında, düzənlikdə yerləşir. Çoxtəbəqəli qədim yaşayış yeri оlduğu aşkar edilib. 1965-ci ildə arxeoloji axtarışlar zamanı Kültəpədən Enоlit-sоn оrta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri-sadə və şirli qab nümunələri, ox ucluqlar, оraq dişləri, dən daşları və s. tоplanmışdır. Tapıntı və tədqiatlar Kültəpənin Enоlit və Tunc dövrlərində оturaq əkinci icmaların böyük yaşayış yeri, оrta əsrlərdə isə qala оlduğunu göstərir.
Kültəpə tоpоnоmi kül və təpə kоmpоnentlərindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlardan əmələ gələn yanıcı оlmayan kül qalıqları оlduğu üçün tоpоnim güman ki, belə ad almışdır.
Abidənin adı: Balalartəpə yaşayış yeri
Abidənin tarixi: İlk Tunc dövrü
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 970
Abidənin ünvanı: Füzuli rayonu Qaraxanbəyli kəndinin cənub – şərqində
Balalartəpə yaşayış yeri
Balalartəpə yaşayış yeri Füzuli rayonunun Qaraxanbəyli kəndinin cənub-şərqində yerləşən, ilk tunc dövrünə aid arxeoloji abidədir. Bu ərazi Azərbaycanın qədim yaşayış məskənlərindən biri hesab olunur. Ərazidə aparılan tədqiqatlar tunc dövrünün məişət və mədəniyyətini əks etdirən tapıntılarla zəngindir.
Abidənin adı: Uzuntəpə yaşayış yeri
Abidənin tarixi: İlk Tunc dövrü
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 971
Abidənin ünvanı: Füzuli rayonu Quruçay və Köndələnçay arasında
Uzuntəpə yaşayış yeri
Uzuntəpə - Azərbaycanın Füzuli rayonu ərazisində Quruçay və Köndələnçay arasında yerləşən qədim yaşayış yeridir.
Uzuntəpə yaşayış yeri Мeynətəpədən bir qədər aralıda yerləşir. Abidə uzunluğu 200, eni 60 m-ə yaxın uzunsov təpə şəklindədir. Hündürlüyü 1 m olan yaşayış yeri hər tərəfdən əkin sahələri ilə əhatələnmişdir. 1968-ci ildə aparılan kəşfiyyat qazıntıları zamanı mədəni təbəqənin 1m qalınlığında olduğu müəyyən edilmişdir. Мədəni təbəqə kül qatları, tikinti qalıqları, gil qab parçaları və digər maddi-mədəniyyət qalıqlarını özündə cəmləşdirmişdir.
Aparılan arxeoloji tədqiqatlar zamanı buradan e.ə. III minilliyə - İlk Tunc dövrünə aid daş tоxalar, çaxmağından оraq dişləri, dən daşları, kül çölmək, cam, süzgəc, bоyalı qab qırıqları (İlk və Orta Tunc dövrlərinə aid) və s. tapılmışdır. Uzuntəpədən açıq, bоz, qırmızı rəngli gil qab nümunələri, xarici səthi cilalanmış, daxili səthi isə azacıq hamarlanmış qab qırıntıları, kiçik ölçülü zооmоrf heykəlcikləri və s. aşkar edilmişdir. Uzuntəpə materialları göstərir ki, burada о zamanlar əhali оturaq əkinci-maldar təsərrüfatı ilə məşğul оlubdur.
Abidənin adı: Meynətəpə yaşayış yeri
Abidənin tarixi: İlk Tunc dövrü
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 972
Abidənin ünvanı: Füzuli rayonu Quruçay və Köndələnçay arasında
Meynətəpə yaşayış yeri
Köndələnçayın sağ sahilində, Meynətəpə yaşayış yeri üç təpədən ibarətdir. Kənarda yerləşən təpələrin ikisi 1 hektar, mərkəzdə yerləşən üçüncü təpə isə 2 hektar sahəni əhatə etmişdir. Burada mədəni təbəqənin qalınlığı 3–4 m arasındadır. Uzunsov, düzbucaqlı formada, küncləri qatlanmış şəkildə olan bu təpənin hündürlüyü 80 m-dən çox deyildi. Meynətəpənin maddi mədəniyyət nümunələri Qaraköpəktəpənin tapıntıları ilə eyniyyət təşkil edir. Bu abidədə də erkən və orta tunc dövrü təbəqələrinin arası kəsilməzdir, bu da öz növbəsində, Meynətəpədə həyatın hər iki dövrdə ardıcıl davam etməsini göstərir. Təpələrin hər üçündə əmək alətlərinə, gil qab parçalarına rast gəlinmişdir. Abidənin ətrafı əkinçilik üçün yararlı sahələrlə əhatə olunmuşdur. Arxeoloji tədqiqatlar zamanı Meynətəpədən çоxlu gil qablar, оcaq qurğuları, dən daşları, daş bıçaq, çəkic və s. aşkara çıxarılaraq tədqiq edilmişdir. Ətrafında üzümlük saqələri оlduğu üçün tоpоnim el arsında "Meynətəpə" adı almışdır. Üçüncü təpə maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Köndələnçayın uçurumlu sahilində yaranan kəsikdə təpənin mədəni qatları aydın şəkildə izlənir. Təbəqə yanmış torpaq qatlarından, gil qab parçalarından, çay daşlarından və digər maddi-mədəniyyət qalıqlarından ibarətdir. Arxeoloji materialların təhlili Мeynətəpənin Kür-Araz mədəniyyətinin bütün dövrü ərzində mövcud olduğunu göstərir.
Abidənin adı: Xantəpə yaşayış yeri
Abidənin tarixi: İlk Tunc dövrü
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 973
Abidənin ünvanı: Füzuli rayonu Quruçay və Köndələnçay arasında
Xantəpə yaşayış yeri
Xantəpə yaşayış yeri Azərbaycanın Füzuli rayonunda, Quruçay və Köndələnçay çayları arasında yerləşən, e.ə. V-II minilliklərə (eneolitdən tunc dövrünə qədər) aid ölkə əhəmiyyətli çoxqatlı arxeoloji abidədir. Təpə dairəvi fоrmalıdır. Hündürlüyü 8-10 metrdir. Xantəpə yaşayış yerində, yalnız kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Bu qazıntı işləri zamanı buradan eneоlit ilk və tunc dövrlərinə aid gil məmulatı və daş alətlər tapılmışdır. Eneоlit dövrünə aid mədəni təbəqədən (5 metr qalınlığından) gil qab qırıqları, daş alətlər (bıçaqvari lövhələr, müxtəlif qəlpələr, dən daşları, həvəngdəstə, sürtgəc və s.) aşkar edilmişdir. Xantəpənin gil məmulatı içərisində üzərində оd və his izi qalmış yuvaraq fоrmalı bоz rəngli qab (butə) diqqəti cəlb edir. Məhz, bu qab Zaqafqaziyada ən qədim metal tapıntıdır. Gil qabların üzərində yapma və cızma naxışlara, dairəvi batıqlara rast gəlinmişdir. Tədqiqatlar göstərir ki, Xantəpədə Günəştəpədə оlduğu kimi, e.ə. V-II minilliklərdə оturaq əkinçi-maldar tayfaları yaşamışlar.
Abidənin adı: Hacı Bayram kəhrizi
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 974
Abidənin ünvanı: Füzuli rayonu Qoçəhmədli kəndi
Hacı Bayram kəhrizi
Hacı Bayram kəhrizi Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən XIX əsrə aid tarixi su mənbəyidir. Regionun su təchizatında mühüm rol oynamış bu kəhriz, həmin dövrün mühəndislik və suvarma mədəniyyətini əks etdirən abidələrdən biri kimi səciyyələndirilir.
Abidənin adı: Yal Pirəhmədli kəhrizi
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 976
Abidənin ünvanı: Füzuli rayonu Yal Pirəhmədli kəndi
Yal Pirəhmədli kəhrizi
Yal Pirəhmədli kəhrizi Füzuli rayonunun Yal Pirəhmədli kəndində yerləşən XIX əsrə aid tarixi su mənbəyidir. Regionun su təchizatında mühüm rol oynamış bu kəhriz, həmin dövrün mühəndislik və suvarma mədəniyyətini əks etdirən abidələrdən biri kimi səciyyələndirilir.
Abidənin adı: Kəhriz
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 977
Abidənin ünvanı: Füzuli rayonu Qarakollu kəndi
Qarakollu kənd Kəhrizi

Füzuli rayonunun Qarakollu kəndi ərazisində XIX əsrə aid kəhriz. Bu kəhrizə el arasında “ Dəli kəhriz” də deyirlər. Hal-hazırda Füzuli rayonunun Qarakollu kəndində qədimdən xalqımıza xidmət etmiş kəhriz sistemlərinin idarə olunması və bərpası ilə bağlı əhəmiyyətli tədqiqat işləri aparılır. Bu tədqiqatın əsas məqsədi, kəndin və ətraf ərazilərin içməli su təminatını yaxşılaşdırmaq, həmçinin yüzillik tarixə malik kəhrizlərin yenidən xalqın istifadəsinə verilməsini təmin etməkdir.
Abidənin adı: Məscid
Abidənin tarixi: XVII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4212
Abidənin ünvanı: Füzuli rayonu Qarğabazar kəndi
Qarğabazar kəndində məscid
Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materiallardan tikilmiş bir zaldan ibarət olmuşdur. Dam örtüyü tağtavan şəklindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmayıb. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir. 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı Hacı Qiyasəddin məscidi də erməni vandalları tərəfindən dağıdılmışdı. Füzuli rayonu işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 8-də Qarğabazar kəndinin təməlini qoyub.
Abidənin adı: Kəhriz
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4204
Abidənin ünvanı: Füzuli rayonu Qarğabazar kəndi
Qarğabazar kənd kəhrizi

Kəhriz Füzuli rayonunun Qarğabazar kəndində yerləşir məhz buna görə də el arasında Qarğabbazar kəhrizi adlanır. Kəhriz XIX əsrə aiddir.Kəhrizin suyu çox uzaq məsafədən yer altından açılmış tunellər vasitəsi ilə kəndə gətirilib. Vaxtaşırı bu tunellər dolduqda kənd kənkanları bu yeraltı tunelləri təmizləyirdilər. İşğaldan sonra kəhriz təmizlənmədiyindən onun suyu azalmağa başlayır.
Abidənin adı: Hamam
Abidənin tarixi: XVII-XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4240-1
Abidənin ünvanı: Füzuli rayonu Qarğabazar kəndi
Qarğabazar kənd Qum hamamı

XVII-XVIII əsrlərdə Qarğabazar kəndində inşa olunmuş bu hamam dairəvi şəkildədir. Hamamın üstü künbəzəbənzər formada inşa edilmişdir. Hamamın əsas hissəsi torpağın altında yerləşir.Hamamdakı otaqalar düzbucaqlıdır. Hamamın divarının qalınlığı 1m 40 – 1m 60 sm-dir. Buraya su xətti kəhrizdən çəkilmişdir. Hamamda istifadə olunan su xüsusi üsulla qızdırılmışdır. Qarğabazar kəndində karvansara olduğundan bu hamamdan həm yerli camaat həm də karvansarada qalan qonaqlar istifadə etmişdir.
Abidənin adı: Müəllimlər evi
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4199
Abidənin ünvanı: Füzuli şəhəri
Füzuli Müəllimlər evi

Müəllimlər evinin divarlarlarının inşa olunmasında çay və təmiz təraş olunmuş əhəng daşlarından və əhəng məhlulundan istifadə olunmuşdur. Divarlara interyerdən sement məhlulundan üzlük suvaq qatı çəkilmiş və yağlı boya ilə rənglənmişdir.
Otaqların ağac arakəsmələri sonradan hazırlanmış və üzərlərinə yöndəmsiz şəkildə fanerkalar vurulmuş. Fanerkaların səthi müxtəlif rəngli yağlı boya ilə rənglənmişdir. Döşəməyə 12-1 5sm enində möhkəm taxtalar vurulmuşdur. Səhnənin döşəməsinin səviyyəsi digər döşəmə səviyyələrindən fərqlənir. Səhnənin küncündən zirzəmiyə enmək üçün ağac pilləkan qurulmuşdur. Yerləşmədə 2 ci mərtəbəyə, 1 ci və 2 ci pillədəki amfiteatrlara çıxmaq üçün ağac pilləkanlar qurulmuşdur. Cənub fasadın önündəki səkiyə asfalt örtük çəkilmişdir. Qərb və şərq fasadlarının qarşısına isə əhəng daşından üzlük tavalar düzülmüşdür. 1-ci və 2-ci mərtəbələrarası şaquli əlaqə yaratmaq üçün ağac pilləkan inşa olunmuşdur. Aralıq divardan amfiteatra açılan qapı açırımlarından biri sonradan hörülmüşdür. Amfiteatrın döşəməsinə taxtalar vurulmuşdur. Cənub fasaddakı qapı açırımının qarşısındaki eyvan sökülmüşdür. Qapı və pəncərələr ağac materialından hazırlanmış və üzərinə yağlı boya çəkilmişdir. Arakəsmələrin hazırlanmasında ağac materialının üzərinə fanerka vurulması üsulundan istifadə olunmuşdur. Səhnədəki sol və sağ tərəflərindəki lojalara çıxmaq üçün pillələr səhnə tərəfdən qoyulmuşdur. Binanın şimal fasadının divarında vertikal çat vardır. Bu fasadda keçmiş eyvanın izləri bilinir. Qapı və pəncərələrin bəziləri çürüyüb sıradan çıxmışdır. Binanın cənub fasadı yaxşı vəziyyətdədir.
Abidənin adı: Şamama Həsənova
Abidənin tarixi: 1959-cu il
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 5597-1
Abidənin ünvanı: Füzuli rayonu Arayatılı kəndi
Arayatılı kəndi Şamama Həsənovanın büstü

Şamama xanım Həsənova 1923-cü il noyabrın 7–də indiki Füzuli rayonunun Arayatılı kəndində anadan olmuşdur. Gənc yaşlarından Füzuli rayonunun "1 May" kolxozunda əmək fəaliyyətinə başlayan Şamama Həsənova qazandığı nailiyyətlərə görə 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. 1950-ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilmiş və Şamama Həsənova ikinci dəfə Əmək Qəhrəmanı adını qazanmışdır. O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur.
1973-cü ildə çəkilən "Şamama" adlı qısametrajlı sənədli televiziya filmi Şamama Həsənovanın həyat və fəaliyyətinə həsr olunmuşdur. İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şamama Mahmudəli qızı Həsənova 2008-ci il sentyabrın 5–də ömrünün 85-ci ilində vəfat etmişdir.
Abidənin adı: Məscid
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4211
Abidənin ünvanı: Füzuli rayonu Böyük Bəhmənli kəndi
Böyük Bəhmənli məscidi
Böyük Bəhmənli kəndində iki məscid var.Onların ikisi də yan-yanadır.Onlardan biri köhnə digəri isə təzə məsciddir.Köhnə məscidin üzərində iki kitabə var.Həmin kitabələr məscidin giriş qapısının sol və sağ tərəfində divara yerləşdirilmişdir.Sol tərəfdəki kitabədə ərəb yazısı ilə bu sözlər yazılmışdır ”Bəhmənli camaat məscidinin təmir olunma tarixi hicri qəməri tarixi ilə 1330-cu il”.Bu tarix onu göstərir ki,məscid 1908-ci ildə təmir olunmuşdur. Məscidin sağ tərəfindəki kitabədə isə yazılar silinmişdir.Kənd camaatının dediklərinə görə həmin kitabədə məscidin ilk bina olunduğu tarix yazılıbmış. Məscidin tikilməsi XIX əsrin əvvəllərinə təsadüf edilir. Məscidin təmirində kənd mollası Məhəmməd Əli oğlu,Məşədi Abbas, Əbdürrəhim və başqa şəxslər köməklik göstərmişlər. Məscidin sahəsi əvvəllər bir az kiçik və bişmiş kərpicdən tikilmişdir.Təmir edilən zaman həmin kərpiclər sökülmüş,çal və qara çay daşlarından hörülmüşdür pəncərələrinin və qapısının üstü tağvaridir.Məscidin üzərində günbəzi var.2013-cü ildə məscid Böyük Bəhmənli kənd dindarları tərəfindən müasir qaydada təmir olunmuşdur.Köhnə məscidin yanında müasir tipli yeni məscid tikilsə də köhnə məsciddən yenə də istifadə edilir.
Abidənin adı: Sərdabə
Abidənin tarixi: VII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4240-5
Abidənin ünvanı: Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndi
Yuxarı Kürdmahmudlu sərdabəsi

VII əsrə aid olan Yuxarı Kürdmahmudlu kəndində yerləşən bu yeraltı sərdabə orta əsrlərə aiddir. Sərdabənin şimala doğru girişi vardır.Hörülmüş dörd bağlı qapının hər biri bir qutbə baxır. Bişmiş kərpiclə hörülmüş tavanındakı dördguşəli ulduzun hər bir ucu bu qapılara doğru istiqamətlənmişdir.Sərdabə aşkara çıxarıldığı zaman onun içərisində dörd taxta qutu və onun içərisində insan sümükləri olmuşdur.Taxta qutuların üzü qibləyə doğru idi. Sərdabə yerin çökməsi ilə təsadüf nəticəsində aşkar olunmuşdur.Yuxarı Kürdmahmudlu kənd camaatı sərdabənin girişini təmizləyərək onu tamamilə aşkara çıxarmışlar .
Abidənin adı: Əhməd Sultan türbəsi
Abidənin tarixi: 1794 – 1795-ci illərr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4240-2
Abidənin ünvanı: Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi
Yuxarı Seyidəhmədli Əhməd Sultan türbəsi

Əhməd Sultan türbəsi Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində yerləşən, 1794 – 1795-ci illərə aid tarixi-memarlıq abidəsidir. Bu abidə dövlət tərəfindən mühafizə olunan mədəniyyət irsinə daxildir. 44 günlük Vətən Müharibəsindən sonra aşkarlanmış və Nazirlər kabinetinin qərarı ilə Füzuli rayonu ərazisində yeni aşkarlanmış abidələr siyahısına salınmışdır.
Abidənin adı: Türbə
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4226
Abidənin ünvanı: Füzuli rayonu Aşağı Aybasanlı kəndi
Aşağı Aybasanlı kəndi İbə türbəsi

Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı yazır ki, Füzuli ərazisindəki maraqlı abidələrdən biri də Aşağı Aybasanlı kəndinə məxsus qədim məzarlıqda ucaldılan Şeyx İbrahim türbəsidir. Ümumi hündürlüyü 6 metrə çatan Şeyx İbrahim türbəsi təbii əhəng daşı ilə səkkizbucaqlı şəkildə inşa edilmişdir. Türbənin gövdəsi daşdan tikilsə də, onun günbəzi bişmiş kərpiclə hörülmüşdür.
Ötən əsrin 90-cı illərində təbii və süni dağıntılara məruz qalan günbəzin mərkəzi uçub tökülmüşdür. Sonralar yerli sakinlərin köməyi ilə türbənin yarıuçuq günbəzinə toxunulmadan onun üst hissəsi yenidən dəmir-beton günbəzlə örtülmüşdür (interyerindən onun tavanına baxanda bu vəziyyət aydın görünür). Ancaq bu örtük də təbii suları saxlamadığından, onu da çöl tərəfdən paslanmayan ağ rəngli əlvan metal təbəqə ilə üzləmişlər. Metal təbəqə təbii suları türbənin mərkəzinə ötürməsə də abidəni tamamilə müasirləşdirərək onun memarlığına və əvvəlki görümünə xələl gətirirdi.
El arasında "İbə İbrahim" kimi məşhurlaşan Şeyx İbrahim türbəsinin yalnız künclərində və giriş qapısı yanlarında işlədilmiş daşlar yaxşı cilalanmış, gövdənin digər yerlərində işlədilən daşlar isə öz təbii formasında divara düzülmüşdür. Hündürlüyü 150 sm, eni isə 73 sm olan giriş qapı açırımını yuxarıdan yeganə daş bağlayır. Həmin daşın aşağı hissəsinin düz olmasına baxmayaraq, onun üst hissəsi yarımdairə şəklində yonulmuşdur. Əlbəttə, qapı boşluğu üzərində belə formalı daşların istifadəsi onun daha da möhkəm olmasına xidmət edir. Qapının soldan yuxarı küncündə qoyulmuş digər sal daş üzərində ağac altında ayaq üstdə durmuş qadın və yanında da at şəkli işlənmişdir. Həmin səviyyədən qapının sağ tərəfindəki sal daş üzərində isə yarıpozulmuş vəziyyətdə, əski əlifba ilə iki sətirdən ibarət kitabə vardır. Kitabə "Allahın Rəsulu Məhəmmədə salam. 1042... Əvəzəli bin Əlimərdan..." sözləri yazılmışdır. Çoz güman ki, Əvəzəli türbəni tikən ustanın adıdır. Hicri tarixi ilə 1042 rəqəmi isə türbənin tikildiyi tarixi göstərir. Həmin tarixi miladi ilinə çevirdikdə 1632-33-cü illərə uyğun gəlir.
Abidənin adı: Türbə
Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4213
Abidənin ünvanı: Füzuli rayonu Qarğabazar kəndi
Qarğabazar kəndində Türbə

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi olan türbə təməldə səkkizguşəli plana malikdir. Türbənin inşası zamanı bişmiş qırmızı kərpiclərdən istifadə edilmişdir. Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır.
Arazboyu ərazinin digər səkkizguşəli türbələrindən fərqli olaraq Qarğabazar türbəsinin inşasında kərpic əsas inşaat materialı olaraq seçilmişdir. Daha əvvəlki dövrlərdə də kərpic əsas inşaat materialı kimi istifadə edilsə də, bu, heç vaxt türbə inşasına xas edilmirdi. Bu baxımdan Füzuli rayonunun Babı kəndi ərazisindəki Şeyx Babı türbəsi və onun ətrafındakı dini kompleks xarakterik xüsusiyyət daşıyır. Belə ki, kompleks ərazisinə daxil olan bütün tikililər (məscid, minarə və sair) kərpicdən inşa edilsə də, Şeyx Babı türbəsi daşdan tikilmişdir.
Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Bu cür böyük giriş XVI-XIX əsrdə nəinki abidənin yerləşdiyi Qarabağ və Arazboyu ərazi, o cümlədən, ümumilikdə Şimali Azərbaycan ərazisi üçün xarakterik deyildir. Şirvan və Arran memarları XIX əsrə kimi türbə inşası zamanı əvvəlki ustadların kompozisiya yanaşmalarını saxlamış, türbələr üçün kiçik giriş qapısı inşa etməklə ümumilikdə tikiliyə monumental xarakter verə bilmişlər.
Abidənin adı: Məscid
Abidənin tarixi: 1889-cu il
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4220
Abidənin ünvanı: Füzuli rayonu Horadiz kəndi
Horadiz kənd məscidi

Horadiz kənd məscidi 1889-cu ildə Horadiz kəndində inşa edilmişdir. Kənddə iki məscid olub . Bu məscidin sahəsi 150 m² - dir. Məscid 2020-ci il II Qarabağ Müharibəsi zamanı düşməndən azad edilmişdir. Məscidə xeyli ziyan dəymiş bəzi yerləri uçurulub dağıdılmışdır.
Abidənin adı: İmamzadə
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4222
Abidənin ünvanı: Füzuli rayonu Horadiz kəndi
Horadiz kənd İmamzadə ziyarətgahı

XIX əsrə aid olan Horadiz kəndində yerləşən İmamzadə ziyarətgahı kəndin qəbirəstanlığında inşa edilmişdir. İmamzadənin sahəsi 25 m² - dir. Kənd məscidi kimi İmamzadə ziyzrətgahı da erməni vandalizminə məruz qalaraq dağıdılmış, divarları qoparılaraq yararsız hala salınmışdır.
Abidənin adı: Yeddiyəpə kurqanları
Abidənin tarixi: İlk Orta əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 5803-5
Abidənin ünvanı: Füzuli rayonu Mirzəcamallı kəndi
Yedditəpə kurqanları

Yedditəpə — Füzuli şəhərinin mərkəzindən 6 km şimal-şərqdə, Mirzəcamallı kəndi yaxınlığında yerləşir. Tunc dövrünə aid arxeoloji abidə hesab edilir. Yedditəpə iyirmiyə yaxın kurqandan ibarətdir. 1972-ci ildə arxeoloji qazıntılar zamanı Yedditəpədən erkən orta əsrlərə və daha əvvəlki dövrlərdə (IV–VI əsrlərə aid) daş qutu qəbirlər aşkar edilmişdir. Ölən adamlar bükülü vəziyyətdə bastırılmışdır. Qəbirlərdən gil, şüşə, tunc qablar, mis və gümüş bəzək əşyaları, heykəlciklər, musiqi alətləri, (sinclər), nizə balta, qılınc, xəngər, metal toqqa, zınqırov və s. tapılmışdır.Yedditəpə abidələri yerli tayfalara məxsus olub, onların Iran, Rоma və Bizansla iqtisadi və mədəni əlaqə saxlandırmağın göstərir.
Abidənin adı: Yaşayış yeri
Abidənin tarixi: Neolit dövrü
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 5803-7
Abidənin ünvanı: Füzuli rayonu Horadiz qəsəbəsi
Yaşayış yeri. Horadiz qəsəbəsi

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, neolit dövrü yaşayış yeri 2019-cu ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Bu ilin yayında yaşayış yerində arxeoloji qazıntılara başlanılıb. Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. X.Alməmmədov əlavə edib ki, abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, neolit dövrü yaşayış yerində məzarlığa ilk dəfədir rast gəlinir. İkinci qazıntı sahəsinin qərb divarına yaxın hissədə 8 kvadratmetr sahədə 10-a qədər skelet və muncuqlar, sümükdən alətlər aşkarlanıb. Skeletlər bükülü halda, oval qəbir çalalardadır.
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə isə bildirib ki, abidə artfaktlarla, memarlıq və məzarlıq fenomeni ilə zəngindir. Yaşayış yerində uşaqlar evlərin içində, böyüklər isə kənarda dəfn edilib. Burada insanlar həm tək, həm də qoşa - bir-birinin üstündə, uşaq və ana bir yerdə olmaqla dəfn olunub. Uşaq skeletlərinin yanında muncuqlar var. Qəbir çalaları suvanıb və oxra ilə rənglənib.
Qeyd edək ki, Neolit dövründə Qafqaz və Anadolu arasında baş vermiş etnik mədəni münasibətlərin öyrənilməsi üçün Lələtəpə neolit dövrü yaşayış yerində aşkar edilmiş skeletlər Ankaranın Hacettepe Universitetinin əməkdaşları ilə birlikdə tədqiq ediləcək, Türkiyədə skeletlərin DNA analizi aparılacaq.
Abidənin adı: Məscid
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4240
Abidənin ünvanı: Füzuli rayonu Qaraxanbəyli kəndi
Qaraxanbəyli kənd məscidi

Qaraxanbəyli kənd məscidi XIX əsrdə Qaraxanbəyli kəndində inşa edilmişdir. Məscidin qapı və pəncərələrinin üstü memarlıq üslubu olan tağvari şəkildə hörülmüşdür . Ərazilərimiz işğal olunan zaman məscidin əlli faizi ermənilər tərəfindən dağıdılmış məscidə ciddi ziyan dəymişdir. Məscid 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad edilmişdir.
Abidənin adı: Türbə
Abidənin tarixi: 1852-1853
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4240-3
Abidənin ünvanı: Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi
Yuxarı Seyidəhmədli kənd türbəsi

Yuxarı Seydəhmədli türbəsi 1852-1853-cü illərdə inşa edilmişdir. Türbə Yuxarı seyidəhmədli kənd qəbirəstanlığında yerləşir. Türbə altıguşəli formada inşa edilmiş üstü günbəzvari formadadır.İşğal dövründə türbənin giriş hissəsində tikilmiş tikintiyə ziyan dəymiş türbənin içərisi yararsız hala salınmışdır.44 günlük Vətən Müharibəsi zamanı ərazi ilə birlikdə türbə də düşməndən azad edilmişdir
Abidənin adı: Məscid
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4233
Abidənin ünvanı: Füzuli rayonu Qoçəhmədli kəndi
Qoçəhmədli kənd məscidi

Füzuli rayonunun Qoçəhmədli kəndində XIX əsrə aid olan məscid Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Məscid Qoçəhmədli kəndinin yuxarısında, Şükür bəyə məxsus malikanənin qarşısındakı dağətəyi düzənlikdə yerləşir. Ölçüsündə kiçik fərqlər olsa da, Qoçəhmədli məscidi zahiri və daxili memarlıq üslubuna, dizaynına görə Hacı Ələkbər məscidini xatırladır. Qoçəhmədli məscidinin ibadət zalında dörd səkkizguşəli daş sütun var. “Yayvari tağlar və günbəzlər, eyni ox üzərində yerləşdirilmiş yükdaşıyıcı divar səthindəki sütunlar Hacı Ələkbər məscidindəki ilə demək olar ki, eyni struktur elementləridir..
Qoçəhmədli məscidi iki mərtəbədən ibarətdir. İkinci mərtəbə qadınlar üçün nəzərdə tutulub. İşğal dövründə məscidə ciddi ziyzn dəymişdir. Məscidin təmiri ilə bağlı memorandum imzalanmışdır.
Abidənin adı: Məscid
Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4217
Abidənin ünvanı: Füzuli rayonu Merdinli kəndi
Merdinli kənd məscidi

İşğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliyinə məruz qalmış tarixi abidələrimizdən biri də Füzuli rayonunun Merdinli kəndində tarixi XIX əsrə aid olan məsciddir. Məscid işğal dövründə böyük dağıntılara və təhqirlərə məruz qalıb. Sevindirici hal ondan ibarətdir ki, ibadət ocağının bəzi hissələri və üzərində ərəbcə yazılmış kitabəsi dövrümüzə gəlib çatıb.
Məscidin kitabəsi üzərində “Tövbə” surəsinin 18-ci ayəsinin bir fraqmenti və abidənin inşa edildiyi tarix həkk olunub”.Məscidin üstü uçduğundan sonradan müasir formada təmir edilmişdir.






