Şriftin ölçüsü :

Saytın rəngi :

09 noyabr Şəhid Zalov Fəqan Amil oğlunun Anım günüdür

09 noyabr 2024 | 22:02
09 noyabr Şəhid Zalov Fəqan Amil oğlunun Anım günüdür.
Anım günü ilə bağlı 44 günlük vətən müharibəsinin şəhidi Zalov Fəqan Amil oğlunun ailəsi və məzarı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri qazilər və rayon ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaqki, Şəhid "Vətən Müharibəsi Qəhrəmanı" Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində, Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir.
2003-2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir.
Fəqan Zalov subay idi. Onun ailəsində 3 uşaq olub – özü, qardaşı Nicat və bacısı Gültəkin. Qardaşı Nicat Zalov da İkinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır.
Fəqan Zalov 2015-ci ildə Füzuli RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Artilleriya Qoşunlarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Fəqan Zalov Azərbaycan Artilleriya Qoşunlarının əsgəri olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Döyüşlərdə yaralanan əsgər Zalov müalicəsi bitdikdən sonra xidmətini davam etdirmişdir. Fəqan Zalov 2017-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətini başa vurmuşdur. 9 ay sonra 2017-ci ilin oktyabr ayından dekabr ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluq etmək üçün kursdan keçmişdir və kursu bitirdikdən sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
2017-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına qədər HDQ-nin “N” saylı hərbi hissəsinin Gözətçi Gəmilər Diviziyasının “N” nömrəli gəmisində komendor vəzifəsində xidmət etmişdir. Gəmidə xidmət etdiyi dövrdə Xəzəryanı dövlətlərinin birgə təşəbbüsü ilə keçirilən "Beynəlxalq dəniz kuboku" yarışlarında iştirak etmişdir. Onun xidmət etdiyi gəmi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlmişdir. Yarışlarda gəminin komendoru Fəqan Zalov bir çox fəxri fərmanlarla təltif olunmuşdur. 2018-ci ilin mart ayından 2018-ci ilin dekabr ayınadək “N” saylı hərbi hissənin nəzdində olan Xüsusi Təyinatlı Kəşfiyyat kursunu birincilik dərəcəsi ilə bitirdiyinə görə “kiçik miçman” rütbəsi almışdır. 2019-cu ilin mart ayından “N” saylı hərbi hissədə Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə kəşfiyyatçı olaraq “Dağçılıq”, “Paraşüt”, “Antiterror”, “Amfibiya” kurslarını bitirmişdir. Müdafiə Naziri Zakir Həsənovun "081t" nömrəli 20 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Fəqan Zalov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsi zamanı əvvəlcə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl rayonundan başlayan əks hücum əməliyyatlarında qarşı tərəfin illər boyu qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında bir çox istiqamətdəki strateji yüksəkliklərin ələ keçirilməsində fərqlənmişdir. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və Yuxarı Maralyan işğaldan azad edilmişdir. Fəqan Zalov 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətində ayağından qəlpə yarası alaraq yaralanmışdır. Əvvəlcə, Füzuli rayonunda, sonra Beyləqan rayonunda, sonuncu dəfə isə Hacıqabul rayonunda yerləşən xəstəxanaya yerləşdirilmişdir. Verilən məzuniyyətdən imtina etmiş və döyüş meydanına qayıtmışdır. İlk olaraq Xocavənd istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərin ələ keçirilməsində fərqlənmişdir.
19 oktyabrda SAH Xüsusi Təyinatlı Qüvvələrinin də iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan azad edilmişdir.
Fəqan Zalov bundan sonra Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə də vuruşaraq fərqlənmişdir. Onun son döyüşü Xocavənd istiqamətində olmuşdur.
Fəqan Zalov 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd rayonunun (601 və 436 metr) yüksəkliklərinin cənub istiqamətində “Qızılqaya” adlı ərazidə yarımqrup tərkibində hücum əməliyyatını yerinə yetirən zaman qarşı tərəfin atdığı mərmilərin partlayışı nəticəsində qəlpə yarası almışdır. Qəlpə boyun hissəsindən daxil olub ağciyərini və ürəyini parçaladığı və ölümcül olduğu üçün kiçik miçman Fəqan Zalov xilas edilə bilməmiş və şəhid olmuşdur. Fəqan Zalov Füzuli rayonunun Babı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
"Vətən Müharibəsi Qəhrəmanı" Fəqan Zalov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğurunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Keçidlər