10 mart – Milli Teatr Günü münasibətilə tədbir keçirildi!
10 mart 2026 | 15:49
Füzuli rayonunda Füzuli Dövlət Dram Teatırında 10 mart–Milli Teatr Günü münasibətilə tədbir keçirildi.
Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Dövlət Dram Teatırının təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun mədəniyyət işçiləri və teatr kollektivi iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev teatr kollektivini 10 mart–Milli Teatr Günü münasibətilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, çıxışında Füzuli Dövlət Dram Teatrının zəngin fəaliyyətindən bəhs edərək bildirdi ki, teatr kollektivi ölkəmizin çətin dövrlərində belə fəaliyyətini davam etdirərək hər zaman xalqın mədəni həyatında mühüm rol oynamış və tamaşaçıların mənəvi dünyasının zənginləşməsinə öz töhfəsini vermişdir. Rayon rəhbəri həmçinin Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə, xüsusilə də teatr sənətinə göstərdiyi diqqət və qayğıdan söz açaraq, bu siyasət bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizdə mədəniyyətin, o cümlədən teatr sənətinin inkişafına xüsusi diqqət yetirildiyini bir daha diqqətə çatdırdı.
Daha sonra teatrın direktor səlahiyyətlərini müvəqqəti icra edən Azər Abbasov çıxış edərək dövlət tərəfindən teatr sahəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. O, Füzuli Dövlət Dram Teatrı kollektivi bundan sonra da daha böyük əzmlə çalışaraq Azərbaycan teatr sənətinin inkişafına öz töhfəsini verməyə davam edəcəyini qeyd etdi.
Tədbirin bədii hissəsində görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Kəvakib” tamaşası nümayiş olundu. Tamaşa iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən bir qrup teatr əməkdaşına mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanlar təqdim olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.






