15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı konfrans keçirildi!
15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı konfrans keçirildi. Konfransda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimai şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi, qazilər, ziyalılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Dövlət Himninin səslənməsi ilə başlanılan tədbirdə RİH başçısı Alı Alıyev mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən Alı Alıyev Azərbaycan xalqını qalib xalqa çevirən böyük zəfərin Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından başladığını qeyd etdi. Heydər Əliyev siyasətinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha vurğulayan Alı Alıyev bütün Azərbaycan xalqını, eləcə də füzuliləri Milli Qurtuluş Günü münasibəti ilə ürəkdən təbrik etdi.
Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, şəhid Fəqan Zalovun atası Amil Zalov, Vətən müharibəsi qazisi Niyaməddin Hüseynov, rayon ziyalıları Rafiq Səmədov və Vüqar Pənahov çıxış etdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə yekunlaşdı.