Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral-Gənclər Günü münasibəti ilə gənclərlə görüş keçirildi!

02 fevral 2026 | 16:50

2 Fevral –Gənclər Günü münasibəti ilə Füzuli rayonunda Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli Rayon Təşkilatının və Qarabağ Regional Gənclər və İdman İdarəsi Füzuli rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamıyeva, Qarabağ Regional Gənclər və İdman İdarəsi Füzuli rayonu üzrə gənclər və idman sektorunun müdiri Eldəniz Səfərəliyev, Füzuli Gənclər Evinin direktoru Seyfəddin Maqsudov və rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatları təmsil edən fəal gənclər, eləcə də hərbçi və Vətən müharibəsi iştirakçısı olan gənclər iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər və xatirəsinə dərin ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər.
Horadiz şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan “Heydər Parkı”nda gənclərlə həmsöhbət olan Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin daha da uğurla davam etdirilməsindən, gənclərin yüksək bilik, bacarıq və vərdişlərə malik vətənpərvər yetişmələri üçün dövlət səviyyəsində bütün zəruri tədbirlərin həyata keçirilməsindən danışdı. Alı Alıyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti zamanı Azərbaycan gəncliyinin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxladığını bir daha vurğuladı. 44 günlük Vətən müharibəsi zamanı gənclərimizin vətənpərvərliyin əsil nümunəsini həm ön cəbhədə, həm də arxa cəbhədə nümayiş etdirdiklərini, indi Azərbaycan dövlətinin və gənclərinin gücünü göstərən əsas amillərdən birinin məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan böyük Zəfər olduğunu diqqətə çatdıran Alı Alıyev 2 Fevral Gənclər Günü münasibəti ilə bütün gəncləri ürəkdən təbrik etdi, işlərində və gələcək həyatlarında uğurlar arzuladı.
Sonra YAP Füzuli Rayon Təşkilatının inzibati binasında tədbir davam etdirildi. Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlətimizin Azərbaycan gəncliyinə qayğısından bəhs edən videoçarx izlənildi.
YAP Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində gənclərin Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olduqlarını, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazandıqlarını vurğuladı. Nazimə Şamıyevə gəncləri Gənclər Günü münasibəti ilə təbrik etdi və onlara işlərində uğurlar dilədi.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı, Füzuli Gənclər Evinin direktoru Seyfəddin Maqsudov və digər çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərə göstərilən diqqət və qayğı barədə danışdılar. Gənclər adından ölkə başçısı Cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirdilər.
Sonda bir qrup gəncə hədiyyələr təqdim olundu.

Keçidlər