“20 Yanvar-müstəqilliyimiz və suverenliyimiz uğrunda mübarizənin rəmzidir” adlı dəyirmi masa keçirildi!
21 yanvar 2025 | 08:54
Füzuli rayonunda “20 Yanvar-müstəqilliyimiz və suverenliyimiz uğrunda mübarizənin rəmzidir” adlı dəyirmi masa keçirildi.
Füzuli Rayon İcra Hakimiyyətində tədbirlər planına uyğun olaraq, 20 Yanvar –Ümumxalq Hüzn gününün 35-ci ildönümünə həsr edilmiş “20 Yanvar – müstəqilliyimiz və suverenliyimiz uğrunda mübarizənin rəmzidir” adlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları, ağsaqqallar, gənclər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək, 20 Yanvar faciəsinin xalqımızın tarixində müstəqillik, suverenlik və istiqlaliyyət mübarizəsinin rəmzi olduğunu, bu faciəyə düzgün siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırdı. Gülbahar Eyvazova Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 20 Yanvar əlilləri və şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini bir daha vurğuladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etməsinin, böyük Zəfər qazanmasının bütün şəhidlərin, eləcə də 20 Yanvar şəhidlərinin ruhuna rahatlıq gətirdiyini diqqətə çatdıran Gülbahar Eyvazova Allahdan şəhidlərə rəhmət, qazilərə şəfa dilədi.
Daha sonra Füzuli Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev çıxış edərək, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdiyini, azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdıqlarını, xalqın birliyi və milli ləyaqət hissinin top-tüfəngə qalib gəldiyini və bu reallığın 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biri olduğunu diqqətə çatdırdı.
Dəyirmi masa ətrafında öz fikirlərini bölüşən digər çıxışçılar da qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdığını, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməyən faciəyə səbəb olduğunu, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsinin və yaralanmasınin totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bir daha vurğuladılar. Çıxışlarda keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldığı diqqətə çatdırıldı.