23 iyun - Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirildi!
23 iyun - Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə “23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramıdır” adlı dəyirmi masa keçirildi. Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Aparatın əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş dəyirmi masada ilk olaraq Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ulu Öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycanın möhkəm təməlini yaratmasından, dövlət qulluğu sahəsində atdığı mühüm addımlardan bəhs etdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət qulluğu siyasətinin daha da uğurla davam etdirilməsindən söz açan Alı Alıyev bütün dövlət qulluqçularını peşə bayramları münasibəti ilə ürəkdən təbrik etdi, məsuliyyətli, şərəfli peşələrində uğurlar arzuladı.






