3 Dekabr- Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Uşaqların dünyası” adlı tədbir keçirildi!
03 dekabr 2025 | 17:08
Füzuli rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 Dekabr- Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Uşaqların dünyası” adlı tədbir keçirildi. “Təbriz” şadlıq sarayında 5-18 yaşlı əlilliyi olan uşaqların iştirakı ilə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Daha sonra əlil, sağlamlıq imkanı məhdud olan, eləcə də həssas təbəqədən olan insanlara dövlət qayğısından bəhs edən videoçarx nümayiş olundu.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən fiziki məhdudiyyətli insanların diqqət və qayğı ilə əhatə olunmasını dövlətimizin sosial siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edərək, bu istiqamətdə mühüm tədbirlərin, sosial proqramların əsasını qoyduğunu diqqətə çatdırdı. Alı Alıyev hazırda ölkəmizdə dinamik iqtisadi inkişafla bərabər güclü sosial siyasətin aparılmasını təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atıldığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri, xoşməramlı layihələri də fiziki məhdudiyyətli insanların qayğı ilə əhatə olunmasında, onların reabilitasiyasında mühüm rol oynadığını bir daha vurğuladı.
Daha sonra Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli Rayon Mədəniyyət müəssisələrinin və Füzuli Dövlət Dram Teatrının hazırladığı bədii, əyləncəli proqram təqdim olundu.






