RİH başçısı tərəfindən ehtiyacı olan ailələrə ərzaq yardımı edilir.
Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. Həftə sonu Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 1,3,4 saylı Qayıdış qəsəbələrində olub, həmin yaşayış məntəqələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə, o cümlədən imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıb. RİH başçısı insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün evdə qalmalarını tövsiyyə edib. Koronovirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından və yerli könüllülərdən təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib. Rayonun bütün yaşayış məntəqələrində koronovirus infeksiyasına qarşı mütəmadi dezinfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri izah edilir.