RİH başçısı Alı Alıyev icra nümayəndələri və bələdiyyə sədrləri ilə onlayn müşavirə keçirdi
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yerli icra nümayəndələri və bələdiyyə sədrləri ilə onlayn videomüşavirə keçirib Müşavirədə koronavirus (COVID-19) infeksiyası ilə bağlı rayonda vəziyyət və görülən işlər müzakirə edilib. RİH başçısı bildirib ki, Nazirlər Kabineti yanına Operativ Qərargahın yeni qaydalarına əsasən ümumi karantin rejimi müddəti 31 may 2020-ci ilə qədər uzadılır. Eyni zamanda Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib. Bununla yanaşı, məhdudiyyətlərin yumşaldılması ilə eyni zamanda koronovirusla mübarizə tədbirləri, dezinfeksiya işləri daim davam etdirilməlidir. Restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunsa da, müəyyən olunmuş qaydalara və sanitar gigiyeniq normalara əməl olunmalıdır. Toy və çox sayda insanın iştirakı ilə yas mərasimlərinin keçirilməsi qadağandır. Parklarda və ictimai iaşə obyektlərində insanların 10 nəfərdən artıq qruplarda cəmlənməsi qadağandır. İcra başçısı bildirib ki, bəzi rayonlarda məsul şəxslər vəzifə saxtakarlığına yol verərək, arayışlara bilə-bilə yalan məlumatlar daxil edib, ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratdıqlarına görə vəzifələrindən azad edilib, haqlarında cinayət işi açılıb. Bununla əlaqədar bir daha icra nümayəndələri və bələdiyyə sədrlərinə tapşırılıb ki, belə hallara yol verən şəxslər kimliyindən asılı olmayaraq vəzifəsindən azad edilərək, cinayət məsuliyyətinə cəlb ediləcək.