Könüllülər “ Könüllü Donor ” aksiyasının fəal iştirakçısıdırlar
Bu gün müstəqil Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin əsas istiqamətlərindən birini də əhalinin sağlamlığının təminatı və bu sahədə həyata keçirilən tədbirlər təşkil edir. Yeni-yeni tibb müəssisələrinin açılması, müasir tipli tibbi avadanlıqlarla təmin olunması, həkimlərin maddi rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılması bunu bir daha sübut edir. Pandemiya ilə mübarizə tədbirləri zamanı əhalinin sağlamlığını, təhlükəsizliyini, sosial müdafiəsini əsas fəaliyyət meyarı olaraq qəbul edən dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq yaranmış AKƏM gənclərin müxtəlif sosial, humanitar aksiyalarda iştirakının əsas təşkilatçısıdır. AKƏM çərçivəsində həyata keçirilən layihələrdən biri də ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər, Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etmişlər.
Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.
Biz gənclərə könüllü fəaliyyət göstərməyimiz, dövlətimizin apardığı siyasətin bir parçasına çevrilməyimiz imkanı yaratdıqları üçün ölkə başçımız cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.
Yunisli Nicat -- gənc könüllü.