"5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə tədbir keçirildi!
Füzuli rayonunda "5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə tədbir keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada Füzuli RİH başçısı Alı Alıyev və Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən olan müəllimlər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun qazandığı Zəfərdən, uğurla nəticələnən lokal xarakterli antiterror əməliyyatından, qəhrəman şəhidlərin və qazilərin şərəf dolu döyüş yolundan bəhs etdi. Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə hər zaman yüksək dəyər verdiyini diqqətə çatdıran Alı Alıyev, şəhid ailələrindən olan müəllimlərin timsalında bütün Azərbaycan müəllimlərini "5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə təbrik etdi.
Tədbirdə iştirak edən, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən olan müəllimlər onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda müəllimlərə hədiyyələr və fəxri fərmanlar təqdim olundu.