Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda Heydər Əliyev Fondu tərəfindən daha üç körpələr evi-uşaq bağçası istifadəyə verilib.

16 fevral 2021 | 16:00

Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb,Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qoleriyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir. Rayonda yeni inşa olunan körpələr evi- uşaq bağçaları füzulilərə göstərilən diqqət və qayğının növbəti əyani təzahürüdür.

Rayonun Arayatılı kəndində 75 yerlik, Əhmədbəyli kəndində 50 yerlik, İkinci Mahmudlu kəndində 50 yerlik körpələr evi – uşaq bağçası artıq körpə fidanların ixtiyarına verilib. Heydər Əliyev Fondu tərəfindən tikilən bu müəssisələrdə uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məqsədilə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.

Gələcəyimiz olan uşaqların rahat istirahət etmələrini təmin etmək məqsədilə iki mərtəbədən ibarət Arayatılı kənd körpələr evi – uşaq bağçasında 4 oyun, 4 yataq otağı, Əhmədbəyli və İkinci Mahmudlu kənd körpələr evi – uşaq bağçalarının hər birində isə ayrılıqda iki mərtəbəli binalarda 3 oyun, 3 yataq otağı istifadəyə verilmişdir. Əlavə olaraq qeyd edək ki, Bala bəhmənli kəndində yerləşən 640  yerlik tam orta məktəbin binası Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir edilərək istifadəyə verilmişdir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də “COVID-19” pandemiyasına qarşı mübarizənin hələ də davam etdiyi bir dönəmdə bu tip müasir standartlara cavab verən, geniş və səliqəli binaların tikilib istifadəyə verilməsi xüsusilə əhəmiyyətlidir.

Son vaxtlar ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarın 2.1 bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prossesinin 2021-ci il fevralın 15-dən əyani formada təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.

Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında hazırlıq tədbirləri həyata keçirilib.

Bununla əlaqədar olaraq, bağçalarda təmizlik və dezinfeksiya işləri aparılıb, işçilərin bir qismi “COVID-19” testlərindən keçirilib, bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dizenfeksiyaedici məhlullarla təmin edilib.

Keçidlər