Bu gün Xocalı faciəsinin 29-cu ildönümüdür
Bu gün Xocalı faciəsinin 29-cu ildönümüdür. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları əliyalın, günahsız insanlara qarşı dəhşətli qətlyam törətdilər. Qarlı qış gecəsi qadınlar, qocalar, uşaqlar işgəncələrlə, xüsusi amansızlıqla öldürüldü. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu faciə təkcə azərbaycan xalqına deyil bütün bəşəriyyətə qarşı törədilmiş ən qatı cinayətdir.
Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Tədbirlər Planına uyğun olaraq 26 fevral 2021-ci il tarixdə Füzuli rayonunun bütün kənd və qəsəbələrində, Horadiz şəhərində Azərbaycanın Dövlət Bayrağı endirilmişdir. İdarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçirilmişdir. Saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir. Allah bütün şəhidlərimizə, o cümlədən Xocalı soyqırımı qurbanlarına rəhmət eləsin.