Dörd günlük Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə və böyük Zəfərə aparan yolun başlanğıcı oldu.
Aprel döyüşləri Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirən, xalq-ordu-rəhbər birliyinin möhkəmliyini, Azərbaycan xalqının işğalla heç vaxt barışmadığını bir daha təsdiqləyən şanlı qəhrəmanlıq səhifəmizdir. Düşmən təxribatını layiqincə cavablandıran Azərbaycan ordusu 2016-cı ilin 2-5 aprel tarixində baş vermiş Aprel döyüşləri nəticəsində sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi,Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Bu döyüşlərdə erməni silahlı qüvvələri böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması təmin edildi.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Son döyüşlər ordumuzun necə böyük bir potensiala malik olduğunu bir daha göstərdi. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin başlanğıc nöqtəsi oldu.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir:
“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.”
Ölkə başçısı cənab İlham Əliyevin bu qətiyyət dolu fikirləri həqiqətən də özünü doğrultdu. Dörd günlük döyüşlərdən başlanan şanlı qəhrəmanlıq tariximiz 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən böyük Zəfərlə yekunlaşdı. Xalqımız illərlə həsrətində olduğu Qələbə sevincini yaşadı. 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılmış, viran edilmiş, yandırılmış ata-baba yurdlarımız işğaldan azad edildi. Vətən Müharibəsi nəticəsində doğma Füzuli şəhəri və 61 kəndimiz işğaldan azad olundu. İllərlə yaxınlarının məzarını ziyarət edə bilməyən, isti yuvalarından didərgin düşmüş füzulilərin torpaq həsrətinə son qoyuldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz şəhidlərimizin qanını aldı, bizlərə qürur dolu Zəfər sevincini və fəxrini yaşatdı.
Bu gün xatirələrini dərin ehtiramla yad etdiyimiz, ruhları qarşısında baş əydiyimiz bütün şəhidlərimizə, eləcədə Aprel şəhidlərimiz olan Elnur Əliyevə, Səyyar Quliyevə, Orxan Həmidova, Əlvan Hüseynova, Sənan Axundova Allahdan rəhmət diləyir, qəbriniz nurla dolsun deyirik.