Füzuli rayonunda irimiqyaslı layihələrin icrası uğurla davam etdirilir.
44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, illərlə doğma yurd-yuva həsrətində olan insanların ən ümdə arzularını gerçəkliyə çevirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “dəmir yumruq” la düşmənin başını əzdi. Bütün təzyiqlərə, təxribata sövq edən bütün təhriklərə baxmayaraq öz xalqına, öz ordusuna inanan və öz qətiyyətinə, iradəsinə əmin olan dövlət başçımız cənab İlham Əliyev bizlərə qürur mənbəyimiz olan Böyük Qələbəni bəxş etdi. Məhz bu Qələbə nəticəsində Füzuli şəhərinin və 61 kəndin mənfur düşməndən azad edilməsi doğma torpaqlarından didərgin düşmüş, illərlə ata-babalarının, yaxınlarının məzarlarını belə ziyarət edə bilməyən füzulilərin el-oba həsrətinə son qoydu. Dağıdılmış, viranəyə çevrilmiş, yandırılmış, erməni vandalizminin bütün dünyaya ən bariz sübutu olan torpaqlarımızın hər qarışı bizim üçün doğmadır,əzizdir. Ən böyük təsəllimiz isə şəhidlərimizin qanı bahasına qaytarılan torparlarımızda dövlətimiz tərəfindən gülüstanlar yaradılacağına qəti əminliyimizdir. Ölkə başçımız cənab İlham Əliyevin sözləri ilə desək, Qarabağı cənnətə çevirəcəyik.
Sevindirici haldır ki, rayonumuzda irimiqyaslı layihələrin icrası uğurla həyata keçirilməkdədir.Hal-hazırda Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam etməkdədir. Füzuli-Şuşa və Füzuli-Hadrud avtomobil yolunun, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi uğurla davam etdirilir. Torpaqlarımızın azad edilməsindən qısa bir müddət keçməsinə baxmayaraq, dövlət başçımız cənab İlham Əliyevin bu bölgələrə səfərlər etməsi və qətiyyətli çıxışları, aparılacaq tikinti-quruculuq işlərinə nüfuzlu şirkətlərin cəlb olunması, regional xarakterli layihələrin icrasına başlanması yeni azad edilmiş bölgələrimizin gələcək inkişafından, camaatımızın rifahının daha da yüksələcəyindən xəbər verir.
Həyata keçirilən infrastruktur layihələr rayonumuzun iqtisadi gücünü və srtrateji əhəmiyyətini artıracaq, əhalinin işlə təminatına şərait yaradacaqdır. Biz füzulilərə Qələbə qüruru bəxş etdiyinə və eyni zamanda göstərdiyi bütün diqqətə, qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.