Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü ərəfəsində “Zəfər süfrəsi – Qəhrəmanlara ehtiram” adlı tədbir keçirilib!

05 noyabr 2026 | 17:38
8 Noyabr – Zəfər Günü ərəfəsində Füzuli rayonunda şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının iştirakı ilə “Zəfər süfrəsi – Qəhrəmanlara ehtiram” adlı tədbir keçirilib.
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Banu Palace” restoranında keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O, çıxışında Azərbaycanın qazandığı tarixi Zəfərin xalqımızın birliyinin, həmrəyliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsi olduğunu vurğulayıb. Bildirilib ki, bu gün ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın isə bu istiqamətdə həyata keçirdiyi humanitar və sosial təşəbbüslərin bariz nümunəsidir.
Alı Alıyev qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı təmin olunur. Bu tarixi nailiyyətlərin təməlində şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi dayanır. Şəhidlərin xatirəsini yaşatmaq, onların ailələrinə sahib çıxmaq hər birimizin mənəvi borcudur.
Daha sonra şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları çıxış edərək Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın həyatında əvəzsiz yerindən danışıblar.
Şəhid anaları çıxışlarında övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlıqla qürur duyduqlarını, onların əziz xatirəsinin daim uca tutulmasının və ailələrinə göstərilən diqqət və qayğının onlar üçün böyük mənəvi dayaq olduğunu bildiriblər.
Şəhid ataları Vətənə layiqli övlad yetişdirməyin hər bir valideyn üçün böyük qürur olduğunu qeyd edərək, şəhidlərin adlarının və qəhrəmanlıqlarının gələcək nəsillərə örnək olmasının vacibliyini vurğulayıblar.
Müharibə iştirakçıları isə döyüş xatirələrini bölüşərək, Azərbaycan əsgərinin yüksək döyüş ruhundan, birlik və həmrəylikdən, xalq-ordu birliyinin Qələbənin əldə olunmasındakı mühüm rolundan bəhs ediblər. Onlar şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının və qazilərə göstərilən diqqətin əhəmiyyətini qeyd ediblər.
Tədbirin bədii hissəsində Füzuli rayonunun mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən rəngarəng musiqi proqramı təqdim olunub. Vətənpərvərlik ruhunda səsləndirilən mahnılar və musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir səmimi və xoş ovqatda davam edib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şəhid ailələrinin üzvləri ilə birlikdə rəqs edərək tədbir iştirakçılarına qoşulub.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Keçidlər