8 Noyabr- Zəfər Günü ilə əlaqədar “Zəfərin Mübarək, Azərbaycan!” adlı tədbir keçirildi!
07 noyabr 2025 | 17:30
Füzuli rayonunda 8 Noyabr- Zəfər Gününün beşinci ildönümü münasibəti ilə “Zəfərin Mübarək, Azərbaycan!” adlı tədbir keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbiçilər, ziyalılar, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Daha sonra Horadiz şəhər Muğam Mərkəzinin qarşısında əl işlərindən, rəsmlərdən, kitablardan təşkil olunmuş “Zəfər salnaməmiz” adlı sərgiyə baxış keçirildi.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra 8 Noyabr- Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş ”Zəfər salnaməsinin şanlı 44 günü” adlı videoçarx nümayiş olundu.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Azərbaycan xalqını Böyük Zəfərə aparan yolun Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı, eləcə də uğurlu xarici və daxili siyasəti ilə başladığını bildirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Zəfər nəticəsində 30 ildən artıq işğal altında qalan torpaqlarımızın azad edilməsinin böyük tarixi nailiyyət olduğunu diqqətə çatdıran Alı Alıyev, dağıdılmış kəndlərimizin, şəhərlərimizin yenidən tikilməsinin, qurulmasının, doğma yurd-yuvalarından didərgin düşmüş insanların öz ata-baba torpaqlarına qaytrarılmasının dövlətimizin gücü, dövlət başçımızın uğurlu siyasəti və sarsılmaz xalq-ordu-rəhbər birliyi sayəsində həyata keçirildiyini bir daha vurğuladı. Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyən Alı Alıyev, 8 Noyabr- Zəfər Günü münasibəti ilə xalqımızı, eləcə də bütün füzulililəri ürəkdən təbrik etdi, ölkəmizə sülh, əminamanlıq arzuladı.
Daha sonra şəhid atası Amil Zalov, şəhid anaları Tamella Məmmədova, Sevinc Quliyeva çıxış edərək, 8 Noyabr- Zəfər Günü münasibətilə xoş arzularını, təbriklərini səsləndirdilər, şəhid ailələrinə göstərdikləri diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon Mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı ilə davam etdi






