“8 Noyabr – Zəfər tariximizin möhtəşəm təntənəsi” adlı tədbir keçirilib!
08 noyabr 2026 | 15:10
Füzuli rayonunda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə “8 Noyabr – Zəfər tariximizin möhtəşəm təntənəsi” adlı tədbir keçirilib.
Füzuli Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbçilər, ziyalılar, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Daha sonra “Şəhərsalma və memarlıq İli” çərçivəsində əl işləri, rəsm əsərləri, kitablar və tarixi abidələrin eskizlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Füzuli Dövlət Dram Teatrı tərəfindən Səbuhi Əhmədovun müəllifi olduğu “Zəfərin imzası” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiya Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə, xalqımızın milli birliyinə, qəhrəmanlıq və vətənpərvərlik ruhuna həsr olunub.
Ədəbi-bədii kompozisiyada Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və xalqımızın sarsılmaz iradəsi bədii ifadəsini tapıb.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı ilə davam edib.
Konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər, şeirlər və rəqs nömrələri iştirakçılara xoş anlar yaşadıb.
Tədbirin sonunda qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, birliyinin, qəhrəmanlığının və sarsılmaz iradəsinin təcəssümüdür. Bu möhtəşəm Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün vətənə sevginin, torpağa bağlılığın və qəhrəmanlıq nümunəsinin parlaq salnaməsi olacaqdır.






