Alı Alıyev rayondakı su ehtiyatları ilə bağlı müşavirə keçirdi!
Füzuli Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının, aidiyyəti dövlət qurumlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyələrin iştirakı ilə müşavirə keçirildi.
Müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını bildirdi və Sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının müsbət nəticələrindən danışdı.
Rayon ərazisində mövcud olan su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə aidiyyəti qrumlardan ibarət yaradılmış Rayon Qərargahında müzakirələr aparıldı.
Rayon İcra Hakimiyyətinin başçısı Qərargahın üzvlərinə, hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması, mütəmadi olaraq monitorinqlər keçirilməsi, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsi məsələsini gündəlik ciddi nəzarətdə saxlanılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün tapşırıqlar verdi.