Ali məktəblərə yüksək nəticələrlə qəbul olunan tələbələr, eləcə də ali təhsil müəssisələrinə qəbul olunan və yeni tədris ilində birinci sinfə qədəm qoyacaq şəhid övladları ilə görüş keçirilib!
09 sentyabr 2026 | 18:13
Füzuli rayonunda ali məktəblərə yüksək nəticələrlə qəbul olunan tələbələr, eləcə də ali təhsil müəssisələrinə qəbul olunan və yeni tədris ilində birinci sinfə qədəm qoyacaq şəhid övladları ilə görüş keçirilib.
Füzuli Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin sədri Gülnaz Kərimova, məktəb rəhbərləri, müəllimlər, şəhid ailələrinin üzvləri, tələbələr və valideynlər iştirak ediblər.
Tədbirdən əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış tələbələr, müəllimlər və valideynlər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz və unudulmaz xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbir Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra dövlət və təhsil siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ali məktəblərə qəbul olunan bütün tələbələri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.
Rayon rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda təhsilin və elmin inkişafını, savadlı və vətənpərvər nəslin yetişdirilməsini daim diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, gənclərin keyfiyyətli təhsil alması və öz potensiallarını reallaşdırması üçün geniş imkanlar yaradılır.
Alı Alıyev vurğulayıb ki, gənclərin yüksək nəticələri dövlətin təhsilə göstərdiyi diqqət və qayğının, müəllimlərin fədakar əməyinin, valideynlərin dəstəyinin və şagirdlərin zəhmətinin nəticəsidir. O, tələbələrə seçdikləri ixtisas üzrə dərin biliklərə yiyələnməyi, daim öz üzərlərində çalışmağı və gələcəkdə ölkəmizin inkişafına layiqli töhfə verməyi tövsiyə edib.
Rayon rəhbəri yeni tədris ilində birinci sinfə qədəm qoyacaq şəhid övladlarını da təbrik edərək bildirib ki, onların hər bir uğuru şəhidlərimizin bizə əmanət etdiyi gələcəyin parlaq göstəricisidir. Şəhid ailələrinin, xüsusilə şəhid övladlarının hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Alı Alıyev bütün tələbələri və birinci sinfə qədəm qoyacaq şəhid övladlarını yeni tədris ili münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, uğurlu təhsil yolu, yüksək nailiyyətlər və parlaq gələcək arzulayıb.
Tədbirdə 600-dən yüksək bal toplayan tələbələrə və ali məktəblərə qəbul olmuş şəhid övladlarına Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və pul mükafatları, YAP Füzuli rayon təşkilatı tərəfindən isə hədiyyələr təqdim olunub.
Birinci sinfə qədəm qoyacaq şəhid övladlarına Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən məktəbli çantaları, zəruri ləvazimatlar və pul mükafatları, YAP Füzuli rayon təşkilatı tərəfindən isə hədiyyələr təqdim edilib.
Həmçinin Füzuli rayonu 3 nömrəli tam orta məktəbin məzunu Səmədli Ləman İlham qızı “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsində “Mühəndislik” nominasiyası üzrə III yerə layiq görüldüyünə, eləcə də 2025–2026-cı tədris ilinin məzunu kimi “Gümüş nişan”la təltif olunduğuna görə Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və pul mükafatı, YAP Füzuli rayon təşkilatı tərəfindən isə hədiyyə ilə mükafatlandırılıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.






