Antiterror əməliyyatı şəhidi Rəsulov Nürəddin Akif oğlunun anım mərasimi keçirildi
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatlarında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid Rəsulov Nürəddin Akif oğlunun anım günü qeyd olundu. Füzuli rayonu Araz Dilağarda kəndində keçirilən anım mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli, Xocəvənd rayonları üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşları, YAP Füzuli Rayon Təşkilatının sədri, Füzuli Rayon Təhsil Sektorunun və Füzuli Rayon Gənclər Evinin nümayəndələri, şəhid ailələri, qazilər, rayonun axundu və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Qeyd edək ki, Şəhid - Kiçik çavuş Nürəddin Rəsulov 31 oktyabr 1991-ci ildə Füzuli şəhərində anadan olmuşdur. Mənfur erməni daşnaqlarının Füzuli şəhərini işgal etdikdən sonra məcburi köckün kimi Beyləqan rayonunda məskunlaşmışdılar. Nürəddin 1997-ci ildə Beyləqan rayonunda yerləşən İlham Quliyev adına tam orta məktəbə getmişdi. 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Nürəddin orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidməti bitirdikdən sonra hərbiyə olan marağı onu yenidən hərbi sıralarına çəkir. Nürəddin N saylı hərbi hissədə MAHHXHQ hərbi qulluqçu kimi xidmət etməyə başlayır. Nürəddin 2016-cı ildə aprel döyüşlərində böyük şücaətlə iştirak edir. Nürəddin 44 günlük Vətən müharibəsində igidliklər göstərərək düşmənin bir neçə canlı qüvvəsini məhv etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Nürəddin Rəsulov "Cəbrayılın işğaldan azad olunmasına görə", "İgidliyə görə", lll dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" və Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun sərəncamına əsasən isə "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir.
Nürəddin Rəsulov 2022-ci ilin oktyabr ayında könüllü olaraq komando kurslarına qatılmış və Xocəvənd rayonu ərazisində yerləşən N saylı komando hərbi hissəsində kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatlarında iştirak edən Nürəddin Rəsulov bir neçə yüksəkliklərin terrorçulardan təmizlənməsində xüsusi ilə fərqlənmişdir. Nürəddin Rəsulov 19 sentyabr 2023-cü il tarixinin axşam saatlarında döyüş meydanında, Xocalının Dağyurd kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda lokal antiterror əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Nürəddin Rəsulov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
3 övladı Vətənə əmanətdir.
Allahdan şəhdlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.






