Antiterror əməliyyatlarının ildönümü münasibətilə Şəhidlər Abidə Kompleksi ziyarət olundu!
Sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirlərinin ildönümü münasibətilə anım tədbiri keçirildi. Anım tədbirində Füzuli RİH-nin başçısı Alı Alıyev, Füzuli RİH-nin əməkdaşları, hüququ-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Daha sonra Alı Alıyev çıxış edərək, antiterror əməliyyat zamanı Azərbaycan Ordusu dünya hərb tarixində görünməyən müddətdə-təxminən 23 saat ərzində Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisində çıxarmaqla bərabər, onları kapitulyasiyaya imza atmağa məcbur etdiyini bildirdi. Ordumuzun bu qələbəsi ölkə rəhbərliyinin, xalqımızın Silahlı Qüvvələrimizə olan inamından irəli gəldiyini diqqətə çatdıran Alı Alıyev Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük rəşadət və qəhrəmanlıq nümunələri göstərdiyini vurğuladı. Alı Alıyev çıxışında şəhidlərimizin hər biri böyük ehtiram və hörmətlə anıldığını qeyd etdi. Canları, qanları bahasına bəxş etdiyi Zəfərə görə Azərbaycan Respublikasının ordusuna, qazilərə minnətdarlığını bildirdi.
Sonda iştirakçılar tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış Şəhidlər Abidə Kompleksi ziyarət olundu, şəhidlərin ruhuna dualar oxundu və şəhidlərin xatirələrinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər dəstələri düzüldü.