“Aprel döyüşləri şərəf və qürur tariximizdir” adlı dəyirmi masa keçirildi!
02 aprel 2026 | 15:26
Füzuli Rayon İcra Hakimiyyətində “Aprel döyüşləri şərəf və qürur tariximizdir” adlı dəyirmi masa keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin rəis müavini İsmət Hacıyev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin hərtərəfli inkişafından, o cümlədən ordu quruculuğunun möhkəmləndirilməsindən, 2016-cı ilin Aprel döyüşləri məhz Azərbaycan dövlətinin hərbi gücünün göstəricisi olduğundan bəhs etdi. Həmin döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, döyüş hazırlığını və mənəvi-psixoloji üstünlüyünü açıq şəkildə nümayiş etdirdiyini vurğulayan Alı Alıyev Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda formalaşması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində bu kimi tarixi hadisələrin təbliği xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Rayon rəhbəri çıxışının sonunda Allahdan şəhidlərimizə rəhmət, qazilərə isə möhkəm cansağlığı arzuladı.
Sonra YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək Aprel döyüşləri Azərbaycan Respublikasının müasir hərbi-siyasi tarixində mühüm mərhələ olmaqla yanaşı, dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin və məqsədyönlü ordu quruculuğu strategiyasının real nəticəsi kimi qiymətləndirilməsindən danışdı. Aprel döyüşləri məhz Azərbaycan dövlətinin məqsədyönlü siyasətinin, güclü ordu quruculuğunun və xalq–dövlət birliyinin məntiqi nəticəsi olmasından danışan Nazimə Şamıyeva bu döyüşlər Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətini və xalqımızın sarsılmaz iradəsini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğuladı.
Aprel şəhidi Orxan Həmidovun anası Tamella Məmmədova, Aprel döyüşlərinin iştirakçıları Üzeyir Nəcəfov, İsmayıl Abdulov, Vüqar Talıbov və Cavad Cavadov çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən, onlara göstərilən yüksək dövlət qayğısından danışdılar. Çıxışlarında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və qazilərin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladılar. Sonda belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını və Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifəsi kimi daim yaddaşlarda yaşayacağını qeyd etdilər.
Sonra Aprel döyüşlərində iştirak etmiş qazilərə göstərdikləri igidliyə və vətən qarşısındakı xidmətlərinə görə fəxri fərmanlar təqdim olundu.
Sonda Aprel döyüşlərindən bəhs edən videoçarx izlənildi.






