Azərbaycan Polisi Günü münasibəti ilə tədbir keçirildi!
02 iyul 2025-ci il tarixdə Horadiz şəhərində yerləşən Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Füzuli rayon Polis şöbəsinin əməkdaşları, veteran polislər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoydular.
Tədbir başlamazdan öncə Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-sinin Azərbaycan Polisi Günü elan olunduğunu bildirdi. Prezident cənab İlham Əliyevin DİN-in fəaliyyətinin təkmilləşdirilməsindəki rolundan bəhs edən Alı Alıyev qeyd etdi ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət edib. Alı Alıyev peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik etdi, bütün polis əməkdaşlarına çətin, məsuliyyətli və şərəfli peşələrində uğurlar arzuladı.
Çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Zaur Abbasov polisləri təbrik etdi, Ali Baş Komandan İlham Əliyev tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini vurğuladı. Zaur Abbasov bildirdi ki, hüquq-mühafizə orqanları fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurub. Azərbaycan bu gün cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın qabaqcıl dövlətlərindən biridir.
Daha sonra çıxış edən hüquq-mühafizə orqanlarının rəhbərləri, veteran polislər, qazilər, şəhid ailələri Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yoldan, dövlətin bu sahəyə olan diqqətindən bəhs etdilər, bu gün Azərbaycan polisinin asayişin keşiyində ayıq- sayıq dayandığını, peşələrinə hər zaman böyük şərəf və məsuliyyətlə yanaşdığını diqqətə çatdırdılar.
Sonda nümunəvi xidmətləri ilə seçilən bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olundular.






