Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.
Bildirildi ki, bu tibb müəssisəsində əsasən üç bölmənin – inzibati, stasionar və ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulub. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada, həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaq. Ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.
Prezident İlham Əliyev xəstəxananın təməlini qoydu.
Məlumat verildi ki, müalicə ocağı maqnit rezonans tomoqrafiya və digər ən müasir tibbi avadanlıqla təmin olunacaq. Xəstəxana binasının zirzəmisi zəruri hallarda sığınacaq və hərbi hospital təyinatına malik strukturda inşa ediləcək.
Qeyd edək ki, gələcəkdə Füzuli rayonunda digər səhiyyə müəssisələrinin də tikintisi nəzərdə tutulub. Belə ki, rayonda Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası (hər növbədə 4 briqada olmaqla), Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası da inşa ediləcək.