Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Əliyev Möysüm Murad oğlunun nəşi şəxsiyyəti müəyyən edildikdən sonra Füzuli rayonunun Birinci Mahmudlu kənd qəbiristanlığında dəfn olundu!
03 iyul 2026 | 16:18
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Əliyev Möysüm Murad oğlunun nəşi şəxsiyyəti müəyyən edildikdən sonra Füzuli rayonunun Birinci Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.
Uzun illər itkin hesab olunan şəhid Möysüm Əliyev doğma yurdunda izdihamlı vida mərasimi ilə son mənzilə yola salınıb.
Dəfn mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, hərbi qulluqçular, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın heç vaxt unudulmayacağı bir daha vurğulanıb.
Möysüm Murad oğlu Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.






