Birinci yarımilin yekunlarına və vətəndaş-məmur münasibətlərinin təhlilinə həsr olunmuş müşavirə keçirildi!
Füzuli rayonunda 6 aylığın yekunlarına və vətəndaş-məmur münasibətlərinin təhlilinə həsr edilmiş müşavirə keçirildi. Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə RİH əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyələr, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin sədrliyi ilə keçirilən müşavirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafından, Vətən müharibəsi nəticəsində qazanılan böyük Zəfərdən, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işlərindən, Böyük Qayıdışın astanasında olan füzulilərin sevincindən, fərəhindən, vətəndaşların rifahının, sağlam, rahat və təhlükəsiz yaşamalarının hər zaman dövlətin diqqət mərkəzində saxlanmasından bəhs etdi. Alı Alıyev həmçinin Füzuli rayonunda son 6 ayın yekunlarına dair, eləcə də vətəndaş-məmur münasibətlərinin düzgün tənzimlənməsi haqqında geniş təhlil apardı.
Daha sonra çıxış edən RİHB Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Orxan Ağakişiyev son 6 ay ərzində RİH-yə daxil olmuş vətəndaş müraciətlərinin motivi, statistikası, müraciətlərin cavablandırılması barədə məlumat verdi. Bundan başqa Orxan Ağakişiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarına əsasən vətəndaş məmnunluğunu təmin edilməsi məqsədilə yaradılmış, hazırda RİH-də aktiv olan Rəqəmsal İcra Hakimiyyəti və ASAN müraciət sistemlərinin üstünlükləri barədə müşavirə iştirakçılarını məlumatlandırdı.
Daha sonra Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyev çıxış edərək son 6 ay ərzində RİH başçısının səyyar qəbulları, bu qəbullar zamanı səsləndirilən vətəndaş müraciətlərinə fərdi qaydada yanaşılması, vətəndaşların qanuni tələblərinin müsbət həlli istiqamətində görülmüş işlər, həlli imkan xaricində olan məsələlərlə bağlı verilmiş qanunamüvafiq izahatlar haqqında məlumat verdi.
Daha sonra Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli çıxış edərək şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının hər zaman olduğu kimi, 2023-cü ilin ilk 6 ayı ərzində də RİH-də diqqət mərkəzində saxlanıldığından, onların problemlərinin həlli istiqamətində qanun çərçivəsində operativ addımlar atıldığından bəhs etdi.
Daha sonra Horadiz şəhər Əhli-Beyt məscidinin imamı Nəriman Nəsirov çıxış etdi. Son 6 ayda rayonda dini durum haqqında məlumat verən imam, rayonda 9 ildir ki, yas mərasimlərinin sadələşdirilmiş, israfçılıqdan uzaq, islami qaydalara uyğun olaraq həyata keçirilməsinin füzulilər üçün iqtisadi və mənəvi üstünlüklərindən bəhs etdi.
Daha sonra zalda yaradılmış açıq mikrafonlar vasitəsilə vətəndaşların müraciətləri, narazılıqları, təklifləri dinlənildi və aidiyyəti qurumlara yerindəcə tapşırıqlar verildi.
Rayon ərazisində fəaliyyət göstərən özəl sektor nümayəndələri, sahibkarlar onların fəaliyyəti üçün heç bir süni maneə olmadığını, sərbəst, şəffaf çalışmaları üçün bütün şərait yaradıldığını və onlar üçün yaradılan bu şəraitə görə ölkə başçısı Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti qurumlara tapşırıq və tövsiyyələrini verərək müşavirəyə yekun vurdu.