Bu gün Füzuli rayonunda şəhid övladları məzun oldular!
Bu gün Füzuli rayonunda şəhid övladları məzun oldular.
Bu gün bütün respublikamızda 11-cilər üçün son zəng çalındı. Respublikamızın digər bölgələri kimi Füzuli rayonunda fəaliyyət göstərən məktəblərdə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən “Son Zəng” tədbirləri keçirildi. 2024/2025-ci tədris ilində Füzuli rayonunda 11-ci sinfi bitirən 1106 nəfər şagird artıq məzun oldu. Bu məzunların sıralarında torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin övladları olan məzunlarımız da var.
Belə ki, şəhid övladlarından Füzuli rayon Ə.Səlimov adına Kərimbəyli kənd tam orta məktəbin məzunları Qarayev Sənan Cavid oğlu, Rəhimova Rəfiqə Şamo qızı, Füzuli rayon Zobucuq qəsəbə 26 nömrəli tam orta məktəbin məzunu Mehdiyeva Aytac Paşa qızı Füzuli rayonunun bu il 11-ci sinfi bitirən məzunlarındandır.
Şəhid övladlarını məzun olmaları və son zəng münasibətilə təbrik etmək üçün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev adıçəkilən məktəblərdə oldu.
Məzunları təbrik edən rayon rəhbəri çıxış edərək, dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğısından söz açdı. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsini bir daha gənclərin diqqətinə çatdıran Alı Alıyev, məzunları hər zaman dövlətimizə, xalqımıza layiq olmağa, vətənimizi, torpağımızı sevməyə çağırdı və məzunları son zəng münasibətilə təbrik etdi. Rayon rəhbəri şəhidlərimizin əziz xatirələrinin hər zaman qəlblərdə yaşayacağını vurğulayaraq şəhidlərimizin bizlərə əmanəti olan şəhid övladlarına xüsusi diqqətlə yanaşmağın hər birimizin mənəvi borcumuz olduğunu bildirdi.
Sonda məzun şəhid övladlarına rayon rəhbəri tərəfindən hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.