Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Birinci Mahmudlu kəndində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev 14.09.2026-cı il tarixdə Birinci Mahmudlu kəndində səyyar qəbul keçirib. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı çıxış edən RİH başçısı Alı Alıyev bu cür görüşlərin keçirilməsinin vətəndaşların qarşılaşdıqları problemlərin yerində öyrənilməsi, onların həlli ilə bağlı zəruri tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayon sakinləri ilə səyyar qəbulların mütəmadi şəkildə təşkil edildiyini diqqətə çatdıraraq, vətəndaşların müraciətlərinə hər zaman həssaslıqla yanaşıldığını və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünü qeyd edib.
Daha sonra kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bir sıra müraciətlərlə bağlı isə vətəndaşlara ətraflı məlumat verilib, lazımi izahat və tövsiyələr təqdim olunub.






