Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Teymurov, YAP Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamiyeva və rayon ictimaiyyəti nümayəndələri şəhid İlham Abbasovun anası Qunça Abbasovanın dəfn mərasimində iştirak etdilər!

23 yanvar 2026 | 14:08
Bu gün Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Teymurov, YAP Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamiyeva və rayon ictimaiyyəti nümayəndələri şəhid İlham Abbasovun anası Qunça Abbasovanın dəfn mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.
Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.
Qeyd edək ki, əslən Füzuli rayonu Yuxarı Dilağarda kəndindən olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş İlham Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlham sentyabrın 27-da Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Vətən uğrunda", “Döyüşlərdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər