Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Abşeron rayonu Xırdalan şəhərində müvəqqəti məskunlaşmış Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə səyyar qəbul keçirib!
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Abşeron rayonu Xırdalan şəhərində müvəqqəti məskunlaşmış Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə səyyar qəbul keçirib.
Qəbul zamanı vətəndaşların müraciətləri, onları narahat edən sosial və məişət problemləri, eləcə də digər məsələlər dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq izahatlar verilib, aidiyyəti üzrə tapşırıqlar müəyyənləşdirilib.
Alı Alıyev vətəndaş müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasının, hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının və qaldırılan məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Səyyar qəbulların keçirilməsində əsas məqsəd harada yaşamalarından asılı olmayaraq Füzuli rayonundan olan sakinlərlə birbaşa ünsiyyət qurmaq, onların müraciətlərini yerində dinləmək və problemlərinin həllinə dəstək göstərməkdir.
Vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi və müraciətlərinə həssaslıqla yanaşılması Füzuli Rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdəndir.






