Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müşavirə keçirdi!

25 may 2026 | 17:05
Füzuli rayonunda işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi, baramaçılığın inkişafı, taxıl biçininə hazırlıq və qarşıdan gələn Qurban bayramı ilə əlaqədar görülən işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, inzibati ərazi dairələri üzrə nümayəndələr, aidiyyəti xidmət təşkilatları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müşavirəni giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışıb. O bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Füzuli rayonunda mühüm layihələr uğurla icra olunur, rayonun azad olunmuş yaşayış məntəqələrində müasir infrastruktur qurulur, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Alı Alıyev çıxışında işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi ilə bağlı aparılan sorğular barədə də ətraflı məlumat verib. Bildirib ki, 2025–2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərə ümumilikdə 200-ə yaxın ailə, yəni 600 nəfərə yaxın sakin köçürülüb. Köçürmə prosesinin daha səmərəli təşkili, vətəndaşların sosial vəziyyətinin və məşğulluq imkanlarının öyrənilməsi məqsədilə isə 1500-ə yaxın ailə olmaqla təxminən 6000 nəfər arasında sorğular keçirilib. Sorğular zamanı sakinlərin yaşayış şəraiti, məşğulluq, sosial təminat və digər məsələlərlə bağlı müraciət və təklifləri qeydə alınaraq aidiyyəti qurumlara təqdim olunub.
Müşavirədə kənd təsərrüfatı sahəsində görülən işlər də geniş müzakirə edilib. Rayon İcra Hakimiyyətinin başçısı baramaçılığın inkişafının dövlət tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayaraq bildirib ki, ölkə başçısının qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlar Füzuli rayonunda da əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verir. Belə ki, 2026-cı ildə rayon üzrə 79 kümçü 200 qutudan çox ipəkqurdu toxumu ilə təmin edilib, ipəkqurdu bəslənilməsi üçün nəzərdə tutulmuş 2900 kvadratmetr sahə əvvəlcədən dezinfeksiya olunub və cari ildə rayonun müxtəlif yaşayış məntəqələrində bu sahəyə ümumilikdə 300-ə yaxın rayon sakini cəlb edilib.
Alı Alıyev rayonda ipəkqurdlarının bəslənilməsi üçün əlverişli yem bazasının mövcud olduğunu da diqqətə çatdırıb. Bildirib ki, son illərdə həm yerli, həm də Çin Xalq Respublikasından gətirilən tut tingləri əkilərək əhalinin istifadəsinə verilib. O qeyd edib ki, kümçülərə göstərilən dövlət dəstəyi nəticəsində bu sahəyə maraq artıb, məhsuldarlığın yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunub.
Daha sonra müşavirədə taxıl biçininə hazırlıq məsələləri müzakirə olunub. Alı Alıyev bildirib ki, dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradıb. Subsidiyaların verilməsi, fermerlərin gübrə, yanacaq və kənd təsərrüfatı texnikaları ilə təmin olunması məhsuldarlığın artmasına mühüm təsir göstərib.
Rayon rəhbəri qeyd edib ki, dövlətin aqrar sektora göstərdiyi davamlı dəstək nəticəsində Füzuli rayonunda əkin sahələrinin həcmi genişlənib, fermerlərin iş şəraiti daha da yaxşılaşıb. Bildirilib ki, 2026-cı ilin məhsulu üçün rayon ərazisində ümumilikdə 40 min 185 hektar sahədə dənli-taxıl bitkiləri əkilib ki, bunun da 23 min 162 hektarını buğda, 17 min 23 hektarını isə arpa sahələri təşkil edir. Həmçinin qeyd olunub ki, rayon üzrə taxıl sahələrində biçin kampaniyasının mütəşəkkil keçirilməsi məqsədilə bütün texnika və işçi qüvvəsi tam hazırlıq vəziyyətinə gətirilib. Hazırda rayonda kənd təsərrüfatı təşkilatlarının, eləcə də fiziki və hüquqi şəxslərin balansında 47 ədəd taxılyığan kombayn mövcuddur və onların hamısı təmir edilərək istifadəyə hazır vəziyyətə gətirilib.
Kombaynların məhsuldar işləməsi üçün xüsusi qrafik hazırlanıb, həmin qrafik əsasında texnikaların bölgüsü aparılıb. Əkinlərin növbəli şəkildə biçilməsi, yarana biləcək narazılıqların aradan qaldırılması və biçilən məhsulun uçotunun dəqiqləşdirilməsi məqsədilə hər bir kombayna xüsusi nəzarətçilər təyin olunub. Biçin kampaniyasının vaxtında və itkisiz həyata keçirilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, eyni zamanda taxıl sahələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi vurğulanıb.
Tədbirdə qarşıdan gələn müqəddəs Qurban bayramına hazırlıq məsələləri də geniş şəkildə nəzərdən keçirilib. Rayon rəhbərliyi tərəfindən bildirilmişdir ki, bayram günlərində əhalinin rahatlığının təmin olunması, qurbanlıq heyvanların satışının və kəsiminin sanitar-gigiyenik qaydalara uyğun təyin olunmuş yerlərdə təşkili, sosial həssas ailələrə diqqətin artırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Müşavirədə qaldırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verərək qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyini vurğulamışdır.
Keçidlər