Füzuli rayonunda 2 Fevral-Gənclər Günü münasibəti ilə tədbir keçirildi!
31 yanvar 2025 | 16:16
Füzuli rayonunda 2 Fevral-Gənclər Günü münasibəti ilə tədbir keçirildi.
Füzuli rayon Heydər Əliyev Mərkəzində “2 Fevral-Gənclər Günüdür” adlı tədbir keçirildi. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Qarabağ Regional Gənclər və İdman İdarəsi Füzuli rayonu üzrə gənclər və idman sektorunun müdiri Eldəniz Səfərəliyev, rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatları təmsil edən fəal gənclər, eləcə də hərbiçi və Vətən müharibəsi iştirakçısı olan gənclər iştirak etdilər.
Əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Qarabağ Regional Gənclər və İdman İdarəsi Füzuli rayonu üzrə gənclər və idman sektorunun müdiri Eldəniz Səfərəliyev bir qrup fəal gənclə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər və xatirəsinə dərin ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra dövlətin Azərbaycan gəncliyinə qayğısından bəhs edən videoçarx izləndi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin daha da uğurla davam etdirilməsindən, gənclərin yüksək potensiallı kadrlar kimi və vətənpərvər yetişmələri üçün dövlət səviyyəsində bütün zəruri tədbirlərin həyata keçirilməsindən bəhs etdi. Alı Alıyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti zamanı Azərbaycan gəncliyinin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxladığını bir daha vurğuladı. Gənclərimizin vətənpərvərliyin əsil nümunəsini 44 günlük Vətən müharibəsi zamanı həm ön cəbhədə, həm də arxa cəbhədə nümayiş etdirdiklərini, indi Azərbaycan dövlətinin və gənclərinin gücünü göstərən əsas amillərdən birinin məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan böyük Zəfər olduğunu diqqətə çatdıran Alı Alıyev, 2 Fevral Gənclər Günü münasibəti ilə bütün gəncləri ürəkdən təbrik etdi, işlərində və gələcək həyatlarında uğurlar arzuladı.
Daha sonra Füzuli Gənclər Evinin əməkdaşı Zümrüd Hüseynli, Vətən müharibəsi iştirakçısı Vüqar Nəbiyev, Füzuli rayon N.Süleymanov adına Mollaməhərrəmli kənd tam orta məktəbin psixoloqu, Vətən müharibəsi iştirakçısı Rəşad Behbudov, Füzuli Mədəniyyət evinin əməkdaşı Eşqin Həsənov çıxış etdilər.
Sonda nümunəvi fəaliyyətləri ilə fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar təqdim olundu.