Füzuli rayonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirildi!
27 sentyabr 2025 | 12:41
Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda təşkil olunan tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamiyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, əməkdaşları, ictimai birliklərin təmsilçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək sentyabrın 27-nin tariximizə həm kədərli, həm də qürurlu gün kimi yazıldığını vurğulayıb. O, məhz bu gün beş il əvvəl Zəfər yoluna ilk addımların atıldığını qeyd edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 gün ərzində hər günü bir tarixə çevrilən qəhrəmanlıq salnaməsi yazıblar. Alı Alıyev qeyd edib ki, bizləri Qələbə ilə sevindirən Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, Azərbaycanın Şanlı Ordusuna, hərbçilərimizə və Vətən uğrunda sağlamlığını itirən qazilərimizə bir ömür boyu minnətdarıq.
Daha sonra şəhidlərin şəkillərindən ibarət lövhələrin və abidə kompleksinin önünə tər çiçəklər düzülərək, onların əziz xatirəsinə dərin ehtiram ifadə olunub.






