Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda “Ağ ölüm bəşəriyyətin qara bəlasıdır” adlı tədbir keçirilib.

30 avqust 2022 | 15:45

Füzuli rayonunda “Ağ ölüm bəşəriyyətin qara bəlasıdır” adlı tədbir keçirilib. Toplantıda Füzuli Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi və təhsil sektorunun nümayəndələri, icra hakimiyyəti yanında İctimai şuranın üzvləri iştirak ediblər.

Tədbir Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirildi. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ülkər Bayramlı çıxış edərək, hazırda dünyanı ciddi narahat edən narkomaniyanın ağrılı bir problem olmaqla yanaşı, ümumbəşəri bəlaya çevrildiyini vurğulayıb. Həmçinin narkotik vasitələrin yayılmasının qarşısını almaq üçün rayonun hüquq-mühafizə orqanlarının davamlı işlər apardığı vurğulanıb. Eyni zamanda, rayon icra hakimiyyəti tərəfindən problemin ciddiliyi nəzərə alınaraq rayonun hüquq-mühafizə orqanları, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif layihə, tədbir və aksiyaların həyata keçirildiyi qeyd edilib.

Füzuli Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın və Ağsaqqallar Şurasının sədri, həkim Zülfüqar Əliyev çıxışında narkomaniyanın insanların sağlam həyat tərzinə göstərdiyi mənfi təsirlərdən danışıb. O, narkomaniyanın insanları tez təsirinə aldığını və onun müalicə prosesinin çətin və uzunmüddətli olduğunu vurğulayıb.

Daha sonra rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis baş leytenantı Emin Nağıyev narkomaniya haqqında geniş məlumat verərək, narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olduğunu söyləyib. Həmçinin narkomaniyanın məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırdığı, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrildiyi qeyd edilib. Emin Nağıyev mənfi halların qarşısının alınması məqsədi ilə aparılan mübarizə tədbirlərində hər kəsi əməkdaşlığa dəvət edib.

Füzuli Rayon İcra Hakimiyyətinin könüllüsü Gülayə Rüstəmzadə hazırladığı “Ağ ölüm bəşəriyyətin qara bəlasıdır” adlı slaydını və bu mövzuda məruzəsini tədbir iştirakçılarına təqdim edib. Bu istiqamətdə iştirakçıları maraqlandıran sualları cavablandıran Gülayə Rüstəmzadə hər kəsi cəmiyyətimizi məhv edən bu bəladan uzaq durmağa səsləyib.

Sonda narkomaniyanın cəmiyyətə vurduğu fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.

Keçidlər