Füzuli rayonunda Dövlət Proqramının icrası ilə bağlı görülən işlər müzakirə olunub!
06 noyabr 2026 | 20:05
Füzuli rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası istiqamətində rayonda görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş işçi iclas keçirilib.
İclasa Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev sədrlik edib.
İclasda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi, istehsal potensialının artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və kənd təsərrüfatında səmərəliliyin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, Dövlət Proqramında kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin artırılması, intensiv və innovasiya əsaslı istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə olunması, aqrar sahədə müasir idarəetmə mexanizmlərinin tətbiqi, eləcə də fermerlərin və təsərrüfat subyektlərinin fəaliyyət imkanlarının genişləndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edilib.
Qeyd olunub ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Füzuli rayonunda icrasının təmin edilməsi məqsədilə müvafiq təşkilati işlər həyata keçirilir, rayonun aqrar potensialının qiymətləndirilməsi, mövcud təsərrüfatların fəaliyyətinin təhlili, investisiya imkanlarının müəyyənləşdirilməsi və sahə üzrə qarşıya çıxan problemlərin həlli istiqamətində tədbirlər görülür. Eyni zamanda, həyata keçirilən və icrası nəzərdə tutulan layihələr üzrə tədbirlər planı hazırlanıb, hər bir tədbirin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsinin təmin olunması qarşıya vəzifə kimi qoyulub.
İclasda kənd təsərrüfatı məhsullarının istehsalından başlayaraq emalı, saxlanılması, logistikasının təşkili və satışına qədər bütün mərhələləri əhatə edən aqrar dəyər zəncirinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə yerli istehsalın genişləndirilməsi, daxili bazarın tələbatının ödənilməsi və ixrac potensialının artırılmasının Dövlət Proqramının əsas hədəflərindən olduğu diqqətə çatdırılıb.
Sonda Dövlət Proqramında müəyyən edilmiş hədəflərin vaxtında və səmərəli icrasının təmin edilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, qarşıya çıxan məsələlərin operativ həlli və tədbirlər planında nəzərdə tutulan işlərin müəyyən edilmiş müddətlərdə başa çatdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Bildirilib ki, nəzərdə tutulan tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi Füzuli rayonunun aqrar potensialının reallaşdırılmasına, kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına, istehsalın həcminin və məhsuldarlığın artırılmasına, eləcə də rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.






