Füzuli rayonunda “ Mart soyqırımına düzgün hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir” adlı dəyirmi masa keçirildi
31 mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında “ Mart soyqırımına düzgün hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada RİH əməkdaşları, şəhid ailəsi və qazilər, İctimai Şura üzvləri və gənclər iştirak etdilər.
Çıxışlar başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin, Mart soyqırımı qurbanlarının və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Füzuli Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək XX əsrin əvvəlində xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərin, qətliyamların tariximizdə faciəvi bir səhifə yaratdığını vurğuladı. Gülbahar Eyvazova Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bir xalq olaraq yaşadığımız digər faciələrlə yanaşı Mart soyqırımına da düzgün hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırdı.
Daha sonra RİH əməkdaşları Qabil Əliyev, Rahib Bağırov, Füzuli Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şahanə Kərimova, Füzuli Tarix Diyarşünaslıq Muzeyinin direktor əvəzi Xalisə Məmmədova, İctimai Şuranın üzvü Tural Nəbiyev mövzu ətrafında geniş məruzə ilə çıxış etdilər. Dəyirmi masa fikir mübadiləsi və diskusiyalar şəraitində davam etdi.