Füzuli rayonunda Novruz bayramı münasibəti ilə mədəni-kütləvi tədbir keçirildi!
Füzuli rayonunda milli bayramımız olan Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Horadiz şəhərində yerləşən İdman Kompleksində keçirilən bayram tədbirində Füzuli RİH Başçısı, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ərazidə xidmət edən hərbiçilər, idarə, müəssisə və digər təşkilatların əməkdaşları iştirak etdilər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibətilə bütün xalqımızı, eləcə də füzuliləri təbrik etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bizlərə qaytarıldığını diqqətə çatdıran rayon rəhbəri bu gün ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqımızın mənəvi dəyərlərinin yüksək səviyyədə qorunduğunu bir daha vurğuladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun qazandığı böyük Zəfərdən söz açan Alı Alıyev bu Zəfərə qəhrəman şəhidlərimizin və qazilərimizin canı, qanı ilə qatıldığını diqqətə çatdırdı. YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək qarşıdan gələn Novruz bayramı münasibəti ilə xalqımıza olan təbriklərini səsləndirdi, bütün şəhid ailələrini və qaziləri ürəkdən təbrik etdi. Almaz Həşimova bu bayram şənliyinin tarixi bir günə - YAP Füzuli rayon təşkilatının yaranma gününə təsadüf etdiyini diqqətə çatdırdı, cənab Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun qazandığı Zəfərin bayramlarımıza yeni və yüksək əhval-ruhiyyə qatdığını bir daha vurğuladı.Tədbirdə folklor nümunələrindən ibarət, rayon sakinlərinin əl işlərindən təşkil olunmuş sərgi nümayiş olundu. Bayram şənliyi Novruz atributları olan Bahar qız, Dədə Qorqud, Kosa və Keçəlin iştirakı ilə şən musiqi nömrələri, rəqslərlə davam etdi.
Tədbir şəhid ailələri tərəfindən bayram tonqalının yandırılması ilə sona çatdı.