Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda şəhid övladları məzun oldular!

13 iyun 2026 | 12:06
Bu gün respublikamızın bütün ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün “Son zəng” çalındı. Respublikanın digər bölgələrində olduğu kimi, Füzuli rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən “Son zəng” tədbirləri keçirildi.
2025–2026-cı tədris ilində Füzuli rayonu üzrə 1068 nəfər XI sinif şagirdi məzun adını qazandı. Bu məzunların sırasında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladları da yer alır.
Belə ki, şəhid övladlarından Füzuli rayon B. Əliyev adına Əhmədalılar kənd tam orta məktəbinin məzunu Həmidli Fərid Orxan oğlu, Ə. Səlimov adına Kərimbəyli kənd tam orta məktəbinin məzunu Əsədov Uğur Anar oğlu və M.M. Xəzani adına Musiqi Təmayüllü Gimnaziyanın məzunu Babayev Pərviz Fariz oğlu bu il məzun olan şəhid övladlarındandır.
Şəhid övladlarını məzun olmaları və “Son zəng” münasibətilə təbrik etmək məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev adıçəkilən təhsil müəssisələrində olub.
Məzunları təbrik edən rayon rəhbəri çıxışında dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu bir daha gənclərin diqqətinə çatdıran Alı Alıyev məzunları hər zaman dövlətimizə və xalqımıza layiqli vətəndaş olmağa, Vətəni və torpağı sevməyə çağırıb, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Rayon rəhbəri şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayaraq bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın bizlərə əmanəti olan şəhid övladlarına xüsusi diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Sonda məzun şəhid övladlarına rayon rəhbəri tərəfindən hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Keçidlər