Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda “Ulu Öndər Heydər Əliyev və Azərbaycan” adlı tədbir keçirildi

10 may 2024 | 17:11

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan” adlı tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər, hərbiçilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi və ziyalılarla birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünüə tər çiçəklər düzərək, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə etdilər. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə, fotosərgiyə və fotoguşələrə baxış keçirildi. Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi və Ulu Öndər Heydər Əliyevin, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dahi Şəxsiyyət” sənədli filmi nümayiş olundu. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, ölkənin hərtərəfli inkişafı üçün atdığı mühüm addımlar, bütün fəaliyyəti dövründə azərbaycançılıq ideologiyasına xidməti barədə geniş məlumat verdi. Ulu Öndər Heydər Əliyevin Füzuli rayonuna səfərləri haqqında ətraflı söz açan Alı Alıyev müasir Azərbaycanın bütün sahələrdə inkişafının, eləcə də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı böyük Zəfərin mənbəyində məhz Ulu Öndər Heydər Əliyev siyasəti dayandığını bir daha vurğuladı. Daha sonra YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixə bəxş etdiyi dahi şəxsiyyət olduğunu, bütün ömrünü ölkəsinə, xalqına sərf etdiyini, Heydər Əliyev siyasi xəttinin Azərbaycanı işıqlı gələcəyə apardığını bir daha diqqətə çatdırdı. Daha sonra QRTİ Füzuli rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova, Azərbaycanın Milli Qəhrəmanı Pəhləvan Fərzəliyevin oğlu Xaliq Fərzəliyev, Vətən müharibəsi qazisi Vüqar Nəbiyev, Füzuli Gənclər Evinin əməkdaşı Elnur Şirinzadə çıxış etdilər. Tədbir bədii hissə ilə davam etdi. Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı iştirakçılara təqdim olundu.

 

Keçidlər