Füzuli RİH başçısı Aparatına 2022-ci ilin 11 ayında daxil olmuş müraciətlər haqqında
Vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yaranmasına səbəb olan amillərin araşdırılması, təhlil edilməsi və narahatlıq doğuran amillərin müəyyənləşdirilərək aradan qaldırılması məsələsi 2022-ci ilin ötən 11 ayı ərzində Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Aparatında ciddi nəzarətdə saxlanılıb.
Belə ki, 01.01.2022-ci il tarixdən 30.11.2022-ci il tarixə kimi Füzuli Rayon İcra Hakimiyyətinə (rəqəmsal icra hakimiyyəti də daxil olmaqla) 668 ərizə və şikayət formasında müraciət daxil olub. 2021-ci ildə isə bu göstərici 873 olub. Hesabat dövründə Füzuli RİH başçısı Aparatına daxil olan hər bir müraciət, şikayət (yazılı və ya şifahi) ətraflı öyrənilib, müraciətlərin yaranma səbəbləri araşdırılıb, dövlət hakimiyyəti orqanlarında və onların yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, qəbulunun təşkili, bu sahədə qanunvericiliyə əməl olunması məsələləri müntəzəm təhlil edilib, bu sahədə işin daha da yaxşılaşdırılması üçün təsirli tədbirlər görülüb. Bunun da nəticəsi olaraq ötən ilə nisbətən vətəndaş müraciətləri 23.48% azalıb.
Ümumilikdə 2022-ci ilin ötən 11 ayı ərzində daxil olmuş müraciətlərdən 169-u mənzil məsələləri (mənzillə təmin olunma, yandırılmış və dağıdılmış evlərin bərpası, fərdi yaşayış evlərinin tikintisi və təmiri, məcburi köçkünlər üçün tikilən şəhərciklərdə və qəsəbələrdə mənzillə təmin olunma və s.), 59-u torpaq və kənd təsərrüfatı məsələləri (sahibkarlıq üçün torpaq sahələrinin icarəyə verilməsi, əkin və örüş-otlaq məqsədilə torpaq ayrılması, subsidiya yazılması, pay torpağının düzgün verilməməsi və s.) ilə bağlı, 106-sı əmək və əhalinin sosial müdafiəsi məsələləri (işlə təmin olunma, əmək mübahisələri, işdən çıxarılma, birdəfəlik maddi yardım, ünvanlı sosial yardımın təyin edilməsi, özünüməşğulluq proqramında iştirak, əmək pensiyası və s.), 64-ü qaçqınlar və məcburi köçkünlərlə əlaqədar (vahid aylıq müavinətin bərpa olunması, məcburi köçkünlər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmə, məcburi köçkün vəsiqəsi götürmək, qaçqınlar və məcburi köçkünlər üçün ayrı təsərrüfat yaradılması və s.), 72 müraciət isə RİH-nin, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar (qəyyumluq və övladlığa götürmə, ad və soyadın dəyişdirilməsi, nikah yaşının azaldılması və s.), 43 müraciət isə qəbulla (qəbulla bağlı müraciətləri araşdırarkən həmin müraciətlərin də əsasən mənzillə təmin olunma, vahid aylıq müavinətinin bərpası, işlə təmin olunma, ünvanlı sosial yardım və torpaqla əlaqədar olduğu müəyyən edilmişdir) bağlı olub. Bu da müraciətlərin 76,8 %-ni təşkil edib.