Füzuli RİH başçısının vətənadaş qəbullarında qaldırılan məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi
23 oktyabr 2024 | 10:17
Füzuli rayonunda vətəndaş müraciətlərinin icra vəziyyətinin təhlili və müzakirələrinə həsr edilmiş müşavirə keçirildi. Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyələr, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Müşavirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli RİH-nin başçısı Alı Alıyev müşavirəni giriş sözü ilə açaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini də vətəndaş-məmur münasibətlərinin düzgün qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil etdiyini diqqətə çatdırdı. Alı Alıyev Füzuli rayonunda bu məsələnin hər zaman diqqətdə saxlanıldığını, hər bir vətəndaşın, xüsusilə həssas təbəqədən olan vətəndaşların müraciətlərinə operativ və qanuni münasibət bildirildiyini bir daha vurğuladı.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiriOrxan Ağakişiyev çıxış edərək 2024-cü ilin 9 ayı ərzində vətəndaşların müraciətlərinə baxılması, müraciətlərin yaranmasına səbəb olan amillərin araşdırılması, təhlil edilməsi və narahatlıq doğuran amillərin müəyyənləşdirilərək aradan qaldırılması Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatında ciddi nəzarətdə saxlanıldığını bildirdi.Daha sonra cari ilin 9 ayı ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Rayon İcra Hakimiyyətində 1166 vətəndaş qəbul etdiyini vurğuladı. O, qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşıldığını, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görüldüyünü, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyev çıxış edərək, 2024-cü ilin 9 ayı ərzində Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev tərəfindən ərazidə, eləcə də Bakı şəhərində və digər rayonlarda müvəqqəti məskunlaşmış vətəndaşlarla 33 səyyar qəbul keçirildiyini, bu qəbullarda 223 nəfər vətəndaşın fərdi və kollektiv formada dinlənildiyini bildirdi. Qabil Əliyev dinlənilən müraciətlərdən 82-nin müsbət həll olunduğunu, 38-nin icraatda olduğunu, 65 müraciətə hüquqi izahat verildiyini, 38 müraciətin isə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq xarakterli olduğunu diqqətə çatdırdı.
Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon qəbul şöbəsinin müdiri Vüqar Pənahov çıxış edərək hal-hazırda 8464 nəfər pensiyaçıya xidmət göstərdiklərini, bunlardan 5439 nəfəri yaşa görə, 2425 nəfəri əlilliyə görə, 600 nəfər ailə başçısını itirdiyinə görə pensiya alanlar olduğunu bildirdi. Vüqar Pənahov Füzuli rayon üzrə müavinət, təqaüd və kompensasiya alanların 9869 nəfər təşkil etdiyini, bunlardan 4630 nəfər sosial müavinət, 5231 nəfər təqaüd, 4 nəfər isə kompensasiya alanlar olduğunu diqqətə çatdırdı.
Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Füzuli rayon xidmət şöbəsinin baş mütəxəssisi Tanrıverdi Həsənzadə çıxış edərək, 2024-cü il ərzində 132 ailənin özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı və istehsal-xidmət fəaliyyəti üzrə aktivlərlə təmin olunmasının gözlənildiyini, hazırda bunlardan 47 nəfər vətəndaşın aktivlərlə, eləcə də ilin ilk 9 ayı ərzində 745 nəfər vətəndaşın işlə təmin olunduğunu bildirdi.
Müşavirədə iştirak edən vətəndaşlar açıq mikrafonlar vasitəsilə öz müraciət, təklif və problemlərini səsləndirdilər. Səsləndirilən problemlərin həlli üçün rayon rəhbərliyi tərəfindən aidiyyəti qurumlara göstəriş və tapşırıqlar verildi.