Füzuli RİH -də müşavirə keçirildi!
10 oktyabr 2024 | 11:52
Füzuli rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyasına hazırlıq işlərinə həsr edilmiş müşavirə keçirildi. RİH-nin akt zalında, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin sədrliyi ilə keçirilən müşavirədə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, ƏİD-lər üzrə icra nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müşavirəni giriş sözü ilə açaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə, eləcə də rayonda aparılan işlərdən, həyata keçirilən layihələrdən söz açdı. Ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun artmasından bəhs edən Alı Alıyev, COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malik olmasının, ölkəmizin dərin beynəlxalq ehtimad qazanmasının nəticəsi olduğunu diqqətə çatdırdı.
Daha sonra rayon ərazisində oktyabr ayının 18-dən noyabr ayının 27-dək keçirilməsi nəzərdə tutulan və rayonun müxtəlif yaşayış məntəqələrində 5000 ədəd ağac əkilməsi planlaşdırılan növbəti ağacəkmə kampaniyasına hazırlıq vəziyyəti müzakirə olundu. Müşavirədə ağacəkmə kampaniyasında rayon ictimaiyyətinin fəal iştirakının təmin edilməsi, əkiləcək ağaclara lazimi aqrotexniki qulluq göstərilməsi və suvarma suyu ilə təchizatı barədə aidiyyəti qurumlara tapşırıqlar verildi.