Füzulidə “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr günü” qazilərlə birlikdə qeyd edildi!
Horadiz şəhəri, “Telnar Şadlıq Sarayı”nda Füzuli RİH başçısı 400-ə yaxın qazi ilə “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr günü” münasibəti ilə görüş keçirdi. Görüşdə əlavə olaraq Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aktiv ictimaiyyət nümayəndələri iştirak etdi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev iştirakçıları və onların timsalında bütün Azərbaycan xalqını 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun qazandığı böyük Zəfərin tariximizə qəhrəmanlıq salnaməsi olaraq yazıldığını vurğulayan rayon rəhbəri həm də bu Zəfərin ordumuzun gücünün, dövlətimizin hərbi qüdrətinin əsil sübutu olduğunu diqqətə çatdırdı. Şəhid ailələrinin və qazilərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayan Alı Alıyev bu qəbildən olan insanlara xüsusi həssaslıqla yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirdi. Qazilər üçün süfrə açıldı və müxtəlif musiqi nömrələri təqdim olundu.