Füzulidə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr müzakirə olunub!
14 oktyabr 2026 | 17:36
Füzuli Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin icrası və rayon qarşısında duran hədəflərə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, sahibkarlar, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Horadiz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər güllər düzüblər.
Daha sonra Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi-strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib, dövlət müstəqilliyi daha da möhkəmlənib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Dövlət başçısının rəhbərliyi ilə əldə edilən tarixi nailiyyətlərin qorunması, ölkənin iqtisadi qüdrətinin artırılması, təhlükəsizliyin təmin edilməsi və davamlı inkişafın sürətləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Məruzədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin artması, ölkəmizin regionda söz sahibinə çevrilməsi, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Alı Alıyev bildirib ki, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin yerli səviyyədə uğurla həyata keçirilməsi, ölkənin ümumi inkişafına töhfə verilməsi üçün hər bir qurum öz fəaliyyətini dövlət siyasətinin prioritetlərinə uyğun qurmalı, qarşıya qoyulan vəzifələrin icrasında məsuliyyət və təşəbbüskarlıq nümayiş etdirməlidir.
Rayonda iqtisadi inkişafın və məşğulluğun artırılması istiqamətində görülən işlərə toxunan icra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrdə də mühüm nəticələr verir. Bu siyasətin əsas məqsədlərindən biri əhalinin məşğulluğunun artırılması, sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması və vətəndaşların sosial rifahının yüksəldilməsidir. Son beş il ərzində Füzuli rayonunda 3650 nəfər işlə təmin olunub. 2022–2026-cı illər ərzində kənd təsərrüfatı, xidmət və istehsal sahələrində 546 nəfərin özünüməşğulluq fəaliyyətinə cəlb olunmasına dəstək göstərilib. Həmçinin son beş ildə 1940 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib və bu yardımla 8730 nəfər əhatə olunub.
Aqrar sahənin inkişafının rayonun iqtisadi potensialının reallaşdırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayan Alı Alıyev bildirib ki, dövlət başçısının qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionlarda sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirdiyi siyasət Füzuli rayonunda da yeni imkanlar yaradır. Hazırda ümumi investisiya dəyəri 16 milyon 612 min manat olan kənd təsərrüfatı layihələrinin icrası və həyata keçirilməsi planlaşdırılır. Layihələr çərçivəsində müasir suvarma sistemlərinin qurulması, su təsərrüfatı infrastrukturunun inkişafı, heyvandarlığın genişləndirilməsi və kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulur. Bu layihələrin reallaşdırılması nəticəsində 91 yeni iş yerinin yaradılması planlaşdırılır.
Məruzədə Prezident İlham Əliyevin milli təhlükəsizliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin sağlam dünyagörüşlü, savadlı və vətənpərvər ruhda yetişdirilməsi ilə bağlı müəyyən etdiyi vəzifələrə də toxunulub. Qeyd edilib ki, uşaqların təhsil hüquqlarının qorunması, ailə və məktəb əməkdaşlığının gücləndirilməsi, gənclərin zərərli ideoloji təsirlərdən qorunması və cəmiyyətdə dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi xüsusi diqqət tələb edir. Maarifləndirmə işi formal tədbirlərlə məhdudlaşmamalı, insanların gündəlik qayğı və ehtiyaclarını nəzərə alan, real nəticələrə yönəlmiş fəaliyyət əsasında qurulmalıdır.
Alı Alıyev rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərini, təhsil işçilərini, ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələrini cənab Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak etməyə, dövlətçilik prinsiplərinin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ideyalarının təbliğinə, rayonun sosial-iqtisadi inkişafına və əhalinin rifahının daha da yüksəldilməsinə töhfə verməyə çağırıb.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.
Füzuli və Xocavənd rayonları üzrə Təhsil sektorunun müdiri Ramella Məmmədova təhsil sahəsində qarşıda duran vəzifələr, şagirdlərin keyfiyyətli təhsillə təmin olunması, müəllim-valideyn əməkdaşlığının gücləndirilməsi və uşaqların hərtərəfli inkişafı məsələlərinə toxunub.
Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev çıxışında dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların rolundan bəhs edib.
Şəhid Quliyev Elnur Eldar oğlunun anası Marusa Həsənova şəhid ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyətindən danışaraq, şəhidlərin xatirəsinin yaşadılmasının və Vətən uğrunda canlarından keçmiş qəhrəmanların irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səminə Nuriyeva peşə təhsilinin inkişafı, gənclərin əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnməsi, peşə bacarıqlarının artırılması və məşğulluq imkanlarının genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif olunmuş Bəxtiyar Gözəlov təhsil işçilərinin üzərinə düşən vəzifələr, gənc nəslin bilikli, savadlı və milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişdirilməsi, təhsilin cəmiyyətin inkişafındakı rolu barədə fikirlərini diqqətə çatdırıb.
Vətən müharibəsi iştirakçısı Elnur Şirinzadə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsindən və dövlət müstəqilliyinin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olmasından danışıb.
Çıxışlarda Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində hər bir sahənin üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb, rayonun sosial-iqtisadi inkişafının davam etdirilməsi, əhalinin rifahının yaxşılaşdırılması və ideoloji maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı məsələlərə toxunulub.
Müşavirənin sonunda qarşıya qoyulan vəzifələrin ardıcıl və səmərəli icrasının, dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyətin təmin edilməsinin, əhalinin müraciət və qayğılarına həssas yanaşılmasının vacibliyi qeyd olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi hər bir dövlət qurumunun, müəssisə və təşkilatın, eləcə də hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur. Bu vəzifələrin uğurla həyata keçirilməsi Azərbaycanın davamlı inkişafına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və cəmiyyətin rifahının yüksəldilməsinə xidmət edir.






