“Heydər Əliyev və Azərbaycanda Dövlət Qulluğu siyasəti” adlı dəyirmi masa keçirildi
23 iyun 2023 | 12:27
23 iyun- Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə “Heydər Əliyev və Azərbaycanda Dövlət Qulluğu siyasəti” adlı dəyirmi masa keçirildi. Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Aparatın əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş dəyirmi masada ilk olaraq torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” adlı videçarx izləndi. Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ulu Öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycanın möhkəm təməlini yaratmasından, dövlət qulluğu sahəsində atdığı mühüm addımlardan bəhs etdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət qulluğu siyasətinin daha da uğurla davam etdirilməsindən söz açan Alı Alıyev bütün dövlət qulluqçularını peşə bayramları münasibəti ilə ürəkdən təbrik etdi, məsuliyyətli, şərəfli peşələrində uğurlar arzuladı.
Daha sonra vəzifələrinin icrası zamanı fəallığı ilə fərqlənən bir qrup dövlət qulluqçusu rayon rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif olundular.